Ramiz Mehdiyev məzuniyyətə çıxdı
24-08-2020 11:10 / Bu xəbər 1673 dəfə oxundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.
"Report”un əldə etdiyi məlumata görə, o, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.
AMEA-nın işçiləri isə "Report”a bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq hazırda işdədir.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.
Daha sonra Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.