Ramiz Mehdiyevin AMEA rəhbərliyi dövrü ilə bağlı cinayət işi başlandı
21-10-2024 16:51 / Bu xəbər 598 dəfə oxundu
Külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi müəyyən edilib
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılandan sonra 3 il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub.
Bildirilir ki, Hesablama Palatası Ramiz Mehdiyevin rəhbərliyi dövründə Milli Elmlər Akademiyasının fəaliyyətində qanun pozuntuları aşkar edib və materiallar prokurorluğa göndərilib.
Həmin materiallar əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
"Elmlər Akademiyasının 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluğun məlumatında bildirilir.
Fakt üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunub.
O, 2022-ci ildə vəzifəsindən azad edilib(Meydan TV).