Rasim Qaraca və Tural Əsədli 5 min avro təzminat alacaq

Rasim Qaraca və Tural Əsədli 5 min avro təzminat alacaq

25-09-2020 00:54 / Bu xəbər 433 dəfə oxundu

Sentyabrın 24-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 2 şikayət üzrə qərarını elan edib. Qərarlar yazar Rasim Nəsirovun (Qaraca) və jurnalist Tural Əsədlinin ölkədən çıxışına qoyulan qadağa ilə bağlıdır.

Ərizə kommunikasiya edilərkən, hökumət oxşar örnəklərə əsaslanaraq ərizəçilərə 5 min avro təzminat ödəməyə hazır olduğunu bildirib. İşin siyahıdan çıxarılmasını xahiş edib.

AİHM hökumətin bu təklifini əsaslı sayıb və ərizənin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Hökumət bu işdə ərizəçilərə 5 min avro təzminat ödəyəcək.

Ərizəçilər məhkəməyə Konvensiyanın 13-cü maddəsinin pozuntusu, hərəkət azadlıqlarının məhdudlaşdırılması ilə bağlı müraciət etmişdilər.

Hər iki ərizəçinin vəkili Zibeydə Sadıqova deyir ki, işlə bağlı dostcasına razılıq əldə edilmişdi. Məhkəmə razılığı nəzərə alıb işi siyahıdan çıxarıb:

"Dostcasına razılıq ancaq kompensasiya hissəsində olub. Biz razılıq edəndə artıq hər iki şəxsin ölkədən çıxış qadağası götürülmüşdü və Azərbaycana qarşı artıq presedent qərar var idi”.

Müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin ölkədən çıxışına qoyulan qadağalar 2014-cü ildə başlayıb. Yəni hökumətin vətəndaş cəmiyyətinə kütləvi təzyiqlərindən sonrakı dövrdə. Bu müddətdə qeyri-hökumət təşkilatları, Meydan TV, Azadlıq Radiosu ilə əməkdaşlıq etmiş xeyli insan həmin qurumlara qarşı açılmış cinayət işlərinə şahid qismində dindirilmək üçün çağrılmışdı. Onların heç biri həmin işlərdə konkret təqsirləndirilən şəxslər olmasalar da, ölkədən çıxışlarına qadağa qoyulmuşdu.

Ötən il hökumət ölkədən çıxa bilməyən əksər insanların qadağasını götürdü. Ancaq hələ də qadağa ilə yaşayan insanlar var.