RATİ media nümayəndələrini bir araya topladı

RATİ media nümayəndələrini bir araya topladı

03-05-2019 19:02 / Bu xəbər 1501 dəfə oxundu

Tədbir "Hilton Hotel Baku”da baş tutub 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu mayın 3-də Bakıda Ümumdünya Mətbuat Günü ilə bağlı tədbir təşkil edib. 

Dəyirmi masa arxasında keçirilən tədbirin əsas mövzusu "Azərbaycanda mətbuat azadlığı" olub.

Tədbir zamanı jurnalistlərin təhlükəsizliyi və təqib edilməsi, informasiyanın əldə edilməsi problemi, saytların bloklanması, KİV-lərin iqtisadi durumu, ictimai tele-radio yayım sahəsində situasiyanı, jurnalistika etikasının vəziyyəti müzakirə edilib.

Tədbiri açan "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycanda medianın vəziyyətinin kifayət qədər kritik olduğunu deyib: "Reklam bazarında ən pis vəziyyət bizdədir. Bu, Statistika Komitəsinin özünün verdiyi məlumatdır. Hakimiyyət ənənəvi medianı məhv edir”.

"Yeni Nəsil” Jurnalistlər Birliyi sədri Arif Əliyev bildirib ki, siyasi prosseslər nə qədər pərdə arxasında getsə də, hər şey göz önündədir: "Mediada ictimai nəzarət olmalıdır və ictimai nəzarət ictimai fəallığa əsaslanmalıdır. Media özü islah olmalıdır”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə çıxış yollarını axtarmaq lazım olduğunu deyib: "Media özbaşına azad ola bilməz. Bu azadlığı təmin edən mühiti hökumət yaradır. Biz nə qədər özümüzü azad hiss etsək də, o mühit yoxdursa, azad deyilik. İslahatlar məhz qanunvericiliyin liberallaşmasından başlamalıdır. Parlament bütün media qanunvericiliyini moitorinq etməlidir. Konstitusion əsası olmayan maddələr çıxarılmalıdır. Biz cəmiyyət olaraq dəstək verə bilərik”.

Daha sonra jurnalist Sevinc Osmanqızı "Skype” vasitəsilə tədbirə qoşulub və Azərbaycanda cəzasızlıq qadın jurnalistlərimizdən də yan keçmədiyini deyib: "Xədicə İsmayılovanın başına gələnləri hamımız xatırlayırıq. Amma görünür iqtidar xatırlamır. Xatırlasaydı, yol verdiyi səhvi bir daha etməzdi”.

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli isə media etikasına kimin nəzarət etməli olduğuna aydınlıq gətirib: "Sosial şəbəkədən fərqli olaraq, teleradioda və elektron media konkret qanun əsasında fəaliyyət göstərir. İctimai televiziyada isə ayrıca qanun mövcuddur. Amma bizdə İctimai televiziya Aztv-nın 5-ci təkərinə çevrildi. Bunların qarşısını almaq üçün Milli Televiziya və Radio Şurası var və qanun ona nəzarət etməsi üçün icazə verir. Amma  MTRŞ da azad fəaliyət göstərə bilmir. Qurum bir az hadisələrə prinsipial yanaşmalıdır”.

"Bastainfo” saytının rəhbəri Mustafa Hacıbəyli isə çıxışında bildirib ki, hakimiyyət nə qədər basqın siyasəti yürütsə də, cəmiyyət azad medianı qorumağa çalışmalıdır.

O, həbsdə olan jurnalistlərlə yanaşı, şərti məhkumluğu olan jurnalistlərin də məsələsinin həll olunmasının vacibliyindən danışıb.

"Xural.az”  saytının baş redaktoru Əvəz Zeynallının sözlərinə görə, Azərbaycan mediası Azərbaycan hökuməti ilə həmişə savaş içərisində olub və itkilər verib. 

Mətbuat azadlığından danışan Xalid Ağaliyev dövlət qurumlarının jurnalistə məlumat verməməsinə görə məsuliyyət daşıdığını deyib: "Amma bu qanun 20 ildə tətbiq olunmayıb”.

Xaliq Bahadur deyib ki, onun bu hökumətdən heç bir islahat gözlətisi yoxdur: "Azad media üçün birlikdə çalışmalıyıq. Sevinc Osmanqızı məsələsi birinci deyil və son olmayacaq. Bir-bir bizi aradan götürəcəklər. Avraam Linkolnun bir sözü vardı: ayrı-ayrı asılmamaq üçün birikdə olmalıyıq”.

"Azadlıq” qəzetini redaktoru Rövşən Hacıbəyli isə saytların bloklanmasına satirik yanaşaraq deyib ki, bloklanmamaq üçün yazmamaq, ya da hökumətin lehinə yazmaq lazımdır: "Burada islahatlardan söz gedə bilməz. Hələ 2 gün əvvəl narkotikin ziyanı haqqında yazan jurnalist narkotik satma ittihamı ilə həbs olundu. Biz hesab edirdik ki, qızıl dövrümüz qabaqdadır, amma indi görürük ki, bizim qızıl dövrümüz arxada qaldı”.

Araşdırmaçı jurnalist Hafiz Babalı deyib ki, Azərbaycan jurnalistlərin pərakəndə fəaliyyət göstərdiyi yeganə ölkədir.

"Kanal 13”-ün Bakı bürosunun rəhbəri Əziz Orucov bildirib ki, dünyada mediaya maliyyə reklam bazarından gəlir və bu, medianın heç kimdən asılı olmadan ayaqda durmasına xidmət edir: "Azərbaycanda isə media kimlərinsə monopolyasında olduğu üçün azad mediada çox ciddi problemlər var". 

Ümumdünya Mətbuat Azadlığı Günü 3 may 1993-cü ildən qeyd olunur. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu sonuncu dəfə 3 may 2014 cü ildə belə tədbir keçirmişdi. 

RATİ rəhbəri Mehman Hüseynov isə 2 illik həbs müddətindən sonra bu il martın 2-də azadlığa buraxılıb.

Toplum.Tv