REAL "Mer seçkiləri" tələb edir - 40 min imza toplanacaq

REAL

28-10-2018 16:17 / Bu xəbər 1604 dəfə oxundu

REAL yeni qanunlar üçün 40 min imza toplayacaq

Oktyabrın 27-də, Respublikaçı Alternativ Partiyası Məclisinin növbəti rüblük toplantısında bir sıra siyasi və təşkilati qərarlar qəbul edilib.

Bu barədə Arqument.az-a REAL-dan məlumat daxil olub. 

Məlumatda deyilir ki, siyasi qərarlardan birincisi, 40 min vətəndaşın qanunvericilik təşəbbüsü əsasında Bakı şəhərində seçkili mer vəzifəsinin təsisi və devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması ilə bağlıdır.

Qərarda daha deyilir: "Konstitusiyanın 96-cı maddəsinə əsasən, 40 min seçicinin qanunvericilik təşəbbüsünə malik olduğunu nəzərə alaraq, "Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi haqqında”, eyni zamanda "Devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi haqqında”, eləcə də REAL İdarə Heyətinin gərəkli biləcəyi daha bir qanun layihəsinin hazırlanması və müvafiq sayda imzaların toplanması işi İdarə Heyətinə həvalə edilsin”.

Digər qərarla, REAL İdarə Heyətinin öncə qəbul etdiyi "Azərbaycanda erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə Respublikaçı Alternativ Partiyasının atacağı addımlar” adlı strategiya təsdiq olunub.