ReAL: Seçki qeyri-legitim bir proses idi

ReAL: Seçki qeyri-legitim bir proses idi

13-04-2018 11:49 / Bu xəbər 2384 dəfə oxundu

"11 aprel 2018-ci ildə baş vermiş seçkilər həm seçkiöncəsi vəziyyətə, həm də seçki günündə baş verən total saxtakarlığa, qanun pozuntularına görə beynəlxalq normalara uyğun gəlməyən, cəmiyyətdə olan real siyasi güclər nisbətini əks etdirməyən, formal xarakter daşıyan, indiki prezidentin səlahiyyətlərini xalqın idarəsinə əsaslanmadan 7 il uzadılmasına xidmət edən qeyri-legitim bir proses idi”.

ReAL Partiyasının 11 aprel seçkisi ilə bağlı yaydığı mövqe sənədində belə deyilir. Bildirilir ki, seçki prosesi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün məhdud vəziyyətdə olan imkanların artırılmasında heç bir rol oynamayıb:

"Belə məhdudiyyətlərdən biri REAL sədri, prezidentlik postuna əsas alternativ namizəd olan İlqar Məmmədovun 2013-cü ildən, yəni ötən prezident seçkilərindən əvvəl həbsdə olmasıdır. Həbsin qanunsuzluğunu və siyasi motivlərlə həyata keçirildiyini, o cümlədən azadlıqdan məhrumetmə hökmünün ədalətli mühakimə hüququnun pozulması nəticəsində çıxarıldığını müəyyən edən Avropa Məhkəməsi qərarlarının mövcud olmasına baxmayaraq, İlqar Məmmədov azadlığa buraxılmayıb. Bundan başqa, çoxsaylı jurnalist və blogerlər siyasi motivlərlə həbsdədirlər, alternativ informasiya mənbələri hakimiyyət tərəfindən yox səviyyəsinə çatdırılıb, mövcud olanların üzərinə total hücumlar var, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi məhdudiyyətlər mövcuddur”.

ReAL hesab edir ki, 11 aprel seçkiləri son illərdə cəmiyyətin seçki prosesinə və institutuna onsuz da sarsılan inamını daha da azaltdı, xalqın ölkədə dəyişikliklərin seçki yolu ilə baş verməsi ümidini sarsıtdı:

"REAL Partiyası olaraq bəyan edirik ki, seçki institutunun tam sıradan çıxarılması xalqımızın və dövlətin gələcəyinə ən ciddi təhdidlərdən biridir. Bunun məsuliyyəti tamamilə İlham Əliyev və indiki hakimiyyətin üzərindədir”.

"Respublikaçı Alternativ Partiyası olaraq bəyan edirik ki, 11 aprel 2018-ci ildə baş verən seçkilərin nəticəsi xalqın istəklərini və real siyasi vəziyyəti əks etdirmir, qanun pozuntuları olan və siyasi rəqabət olmadan baş tutan seçki prosesi prezidentin legitimliyini şübhə altında qoyur”, – sənəddə vurğulanır.