Azər Qasımlının həbsinə reaksiya: "Üzgün olmayın, düzgün olun!"

Azər Qasımlının həbsinə reaksiya:

30-05-2018 09:31 / Bu xəbər 2906 dəfə oxundu

ReAL Partiyasının məclis üzvü Azər Qasımlı 30 sutkalıq həbs edilib.

Qərar Yasamal rayon məhkəməsi tərəfindən verilib.

O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub.

REAL üzvləri isə hesab edirlər ki, Azər Qasımlının həbsinə səbəb mayın 28-də keçirilən cümhuriyyət tədbiridir. 

Partiyanınn "Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşılan xəbərdə deyilir ki, Azər Qasımlı əvvəlcə Baş Prokurorluğa çağırılıb, sonradan Yasamal Rayon Polis İdarəsinə gətirilib. Hazırda saat yarımdır polis idarəsindədir. Bunun dünənki Cümhurriyət tədbiri ilə əlaqədar olduğu şübhəsizdir”, - xəbərdə deyilir.

ReAL partiyası mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd etmək üçün Bakının İstiqlaliyyət küçəsində Cümhuriyyət banilərinə qoyulan abidəni kütləvi ziyarət etmək çağırışı edib. 

Çağırışa yüzlərlə insanın qoşulduğu bildirilib. Polis ilkin olaraq tədbirə mane olmaq istəsə də, sonradan ziyarətçiləri 2-3 nəfərlik qruplarla abidəyə yaxın buraxıb.

REAL-ın Məclis üzvü Erkin Qədirli sosial şəbəkədə Azər Qasımlının həbsi ilə bağlı realçılara çağırış edib: "Qapalı siyasi sistemlərin hökumətləri sevincli və çoşqulu kütlədən daha çox qorxurlar (çəkinirlər). Sevincli və coşqulu kütlənin enerjisi, pozitiv olduğundan, asanlıqla yayılır, həvəsləndirici örnəyə çevrilir. Etirazçı kütlələr belə sistemlərin hökumətləri üçün böyük təhlükə yaratmır - etirazları lokallaşdırmaq, etiraz edənləri bir-birindən ayırmaq asan olur.

Etirazdan fərqli olaraq, sevinci idarə etmək olmur. Ona görə də, qapalı sistemlərin hökumətləri toplumu, bir ucu eyforiya, o biri ucu depressiya olan duyğu qısqacıyla sıxır. Sabit sevinc belə sistemlər üçün təhlükəlidir. Onu təhlükəsiz etmək üçün, eyforiya həddinə çatdırmaq, gözləntiləri yüksəltmək gərəkdir. Eyforiya uzun çəkmir və tezliklə depressiyaya keçir. Depressiv durumda olan toplumu idarə etmək asan olur.

Sözüm ReAl-çılaradır - ruhdan düşmək, tələsmək, təxribatlara uymaq olmaz! Üzgün olmayın, düzgün olun!"

AXCP sədri Əli Kərimli də Azər Qasımlının həbs olunmasına münasibət bildirib:

"Heç şübhəsiz ki, bu həbs Azər bəyin dünənki cümhuriyyət bayramı tədbirlərində aktiv rolu ilə bağlıdır. Rejim öz səhv yolu ilə davam edir. Ölkədə qəbristanlıq sükutu bərqərar etmək istəyirlər. Ancaq təkcə Avropada, Bakıda "İstiqlal abidəsi"nin və Novxanıda Rəsulzadənin abidəsi önündə İstiqlal bayramını qeyd edən insanların sayı və ovqatı bizi əmin edir ki, bacarmayacaqlar!".

Müsavat başqanı Arif Hacılı həbsin siyasi sifariş olduğunu deyib:

"Azər Qasımlı Cümhuriyyət bayramına həsr olunmuş yürüşdə iştirakına görə həbs edildi. Dünya dövlətləri siyasi liderlərinin bizi Cümhuriyyət Günü münasibətilə təbrik etdiyi günlərdə Azərbaycan siyasətçisinin bayram tədbirində iştirakına görə həbs olunması absurddur, hüquqa, Cümhuriyyət dəyərlərinə hörmətsizliyin bariz nümunəsidir. Bu, həm də 28 May Cümhuriyyət Gününü ən önəmli bayram kimi qəbul edən xalqımıza qarşı hörmətsizlikdir. Azər Qasımlı dərhal azad edilməlidir".

Milli Şuranın sədri Cəmil Həsənli Azər Qasımlıya qarşı irəli sürülən ittihamı əsassız hesab edib:

"REAL partiyasının rəhbərlərindən olan Azər Qasımlının inzibati qaydada 30 sutka müddətinə həbs olunması Azərbaycanda hüququn hansı vəziyyətdə olmasının aydın göstəricisidir. Dəlil kimi Azər bəyin guya küçədə polisin qanunsuz tələbinə əməl etmədiyi əsas gətirilib. Mən mayın 28-də REAL-ın tədbirində olmuşam və Cümhuriyyət abidəsinə qədər Azər bəylə birgə addımlamışıq. Azər bəy nə kobud ifadə işlədib (ümumiyyətlə bu ifadə onun təbiətinə uyğun deyil), nə də ictimai qaydanı pozan başqa bir hərəkətə yol verib. Bu ittiham tamamilə saxtadır, Azərbaycan hakimiyyətinin repressiya siyasətinin tərkib hissəsidir və heç bir əsası olmayan böhtandır". 

"Azər bəyin həbsini qətiyyətlə pisləyir və bu həbsi hüquqa zidd, tamamilə qanunsuz, Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümünə Əliyev rejiminin həqarəti hesab edirəm", - C. Həsənli bildirib. 

Məsud
Arqument.Az