Rəbiqə Nazimqızının yeni kitabı çapdan çıxdı

Rəbiqə Nazimqızının yeni kitabı çapdan çıxdı

30-04-2020 21:13 / Bu xəbər 1355 dəfə oxundu

Dövlət Tərcümə Mərkəzi "Gənc yazarlara dəstək” layihəsi çərçivəsində gənc Azərbaycan şairi Rəbiqə Nazimqızının "Çətirlərin qiyamı” kitabını nəşr edib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba müəllifin "Manifest”, "Zəlzələ”, "Müharibə”, "Portağal şəhəri”, "Qısqanclıq”, "Günah”, "Limon ətri”, "Qadın etirazı” kimi yüzə yaxın şeiri daxil edilib.

Kitabın "Ön söz”ünün müəllifi Əlisəmid Kür, redaktoru Salam Sarvandır.

Əlisəmid Kür kitaba yazdığı "Çətirləri qiyama səsləyirəm” sərlövhəli "Ön söz”də deyir: Bir yaz günüydü, Rəbiqə Nazimqızının "Epizodik sevgilər” kitabının təqdimat mərasimi keçirilirdi. 

Onu tədbirdən sonra Fəvvarələr bağında yerləşən "Nərgiz” kafesindəki ziyafətdə tanıdım. Ayrı-ayrı stollarda əyləşsək də, baxışları, danışığı, hərdən şeir deməsi pozitivliyindən xəbər verirdi. 

İndi yadıma düşür ki, həmin gün narın yağış yağmışdı, Rəbiqənin çətiri stolun üstündəydi. Onun nəinki çətirindən, şeirlərindən də yağış damcılayırdı:

...Yaxındayam, balıqçı,
gəlirəm,
atıram özümü dənizə –
balıq olmağa...
Heç yana aparmazsan,
Heç kəsə satmazsan...
Ya atarsan, ya tutarsan...
Torunda məni görüb sevinsən,
bəsimdi...

 Təpədən-dırnağa sevgidən yoğrulmuş, səsinin ağrısı misralara hopmuş, Marina Svetayevanı xatırladan Rəbiqənin tövbəsi daşı da yumşaldan səmimi etirafdır.

 Həmin gün mənə bağışladığı "Epizodik sevgilər” kitabını gecə səhərədək Sahil bağında oturub birnəfəsə oxudum. Yəni Rəbiqənin şeirləri məni oxumağa məcbur etdi. Sevdiyim çox az şair olub ki, onların kitabını birnəfəsə oxumuşam. Rəbiqə ilk qadın şairimizdir ki, məni diksindirməyi bacarmışdı:

Yüz çəmən ayaqladım bir çiçəkdən ötrü,
Bəlkə, min qarışqa öldü, saymadım.
Budur əsl poeziya...
O mənim sevdiyim şair və insandır...
 
 İndi Rəbiqə Nazimqızının növbəti kitabı – "Çətirlərin qiyamı” görüşünüzə gəlir. Əziz oxucu, o, "şüşələrə toxunub çiliklənən ömürlərdən” danışacaq sənə, "yaşamağı hər kəsdən çox sevdiyini” söyləyəcək və inandıracaq ki:
 
Çiçək, yağış, külək, qar,
Hər şey sənə tanışdır.

Bəlkə, bu kitabı yağışlı bir gündə küçədə oxuyacaqsan, çətir tapmasan, Fəvvarələr bağındakı çətirli qız heykəlinə sığına da bilərsən. Sığın və bu kitabı oxu. Ya da Rəbiqənin elə özünün də dediyi kimi, evdə oturub qapını yağışın üzünə bağla:

Qapını yağışın üzünə bağlayaram,
Çətirləri qiyama səsləyərəm,
Divarlara şeir deyərəm,
Kətillərə mahnı oxuyaram
Sən dinləməsən...
Ey sən, məni eşidirsən?!”