Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

04-09-2020 18:40 / Bu xəbər 1804 dəfə oxundu

Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib

Həbsdə olan keçmiş Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb. 

Bu barədə onun vəkili Elçin Sadıqov Meydan.Tv-yə məlumat verib.

Vəkil bildirib ki, sabiq nazirin vəkilləri onun ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə vəsatət vermişdi. Sentyabrın 4-də məhkəmənin hakimi Şəhla Süleymanova müdafiə tərəfinin vəsatətinə baxıb.

"Hakim Şəhla Süleymanova vəsatətimizi təmin etdi. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixədək müəyyən edildi”, - deyə E.Sadıqov bildirib.

Avqustun 13-də də Səbail Rayon Məhkəməsi R.Qazıyevin ev dustaqlığına buraxılması barədə vəkillərin vəsatətinə baxmışdı. Lakin o zaman məhkəmənin hakimi Ülviyyə Şükürova vəsatəti təmin etməmişdi. Həmin qərardan verilən apelyasiya şikayəti də təmin olunmamışdı.

İyulun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunan R.Qazıyevə qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (təxribat) maddələri ilə ittiham irəli sürülüb.

DTX və və Baş Prokurorluğun birgə açıqlıamasında bildirilib ki, R.Qazıyevin saxlanılmasına əsas onun iyulun 12 və 13-də sosial şəbəkələr vasitəsilə cəbhə bölgəsindəki hadisələr barədə həqiqətə uyğun olmayan xəbərlər yaymasıdır. Onun paylaşımları Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etmək kimi qiymətləndirilib.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub.

Rəhim Qazıyev "AzFreedom” internet kanalında iyulun 12-də atəşkəsin pozulması nəticəsində Azərbaycanın 12 əsgərinin həlak olduğunu və çoxlu hərbçinin yaralandığını deyib. O, dövlət başçısı İlham Əliyev haqqında ittihamlar səsləndirib.

R.Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə naziri olub. 1993-cü ilin noyabrında həbs edilib. 1994-cü ilin sentyabrında MTN-da saxlanılan Rəhim Qazıyev, Arif Paşayev, Baba Nəzərli, Əlikram Hümbətov təcridxananın əməkdaşı Faiq Mirzəyevin köməkliyi ilə qaçıb. 

12 may 1995-ci ildə Rəhim Qazıyev üç maddə ilə (Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib. Rəhim Qazıyev 1996-cı il aprelində Moskvada saxlanılaraq Bakıya həbsxanaya qaytarılıb. 

1998-ci ildə onun cəzası ömürlük həbslə əvəzlənib. Daha sonra Avropa Şurasının tələbilə onun işinə yenidən baxılıb və bu dəfə Bakı Apellyasiya Məhkəməsi onun 15 il azadlıqdan məhrum edilməsi barədə yeni hökm çıxarıb. O, 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamıyla əfv olunub.