“Rəis dedi ki, başını soxun unitazın içinə” (Yenilənib)

“Rəis dedi ki, başını soxun unitazın içinə” (Yenilənib)

22-01-2020 19:41 / Bu xəbər 1326 dəfə oxundu

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xətmətinin rəisi Ehsan Zahidov Əlizamin Salayevin işgəncələrə məruz qalması ilə bağlı məlumatları təkzib edib. 

O, APA-ya açıqlamasında deyib ki, adını çəkmək istəmədiyi bir qrup adam cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər:

"Bu gün də həmin şəxslər paytaxtın Səbail rayonu ərazisində sərxoş vəziyyətdə ictimai asayişi pozaraq polisin qanuni tələblərinə tabe olmadığı üçün məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunan Əlizamin Salayevin ətrafında şou yaradırlar. Qəti şəkildə bildirirəm ki, Əlizamin Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Əlizamin Salayev bu gün vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşməsi təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatarın heç bir əsası yoxdur və yalandır”.

Vəkil Cavad Cavadlı isə Meydan TV-yə deyib ki, o, bu barədə heç bir açıqlama verməyəcək: "Məndə Salayevin əlyazması var, onu da lazımı orqanlara göndərmişəm. Baş verənləri təsdiq edəcək tibbi sənədlər olandan sonra müvafiq orqanlara göndərəcəm. Çünki bu məsələ ilə bağlı əleyhimə istifadə edirlər".

***

Əlizamin Salayevin polis bölməsində işgəncə gördüyü bildirilir

Yanvarın 13-dən həbsdə olan AXCP fəalı Əlizamin Salayevin polis idarəsində işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib:

"Günlərdir, hətta ailə üzvlərini də onunla görüşə buraxmayıblar. Bir gün əvvəl öyrəndik ki, səbəbsiz deyilmiş. O, ağır işgəncələrə məruz qalıb, üzərində ciddi xəsarətlər var. Bu üzdən Əlizamin bəyi gizlədirlərmiş”.

AXCP-dən deyilənləri oğlu Oqtay Salayev də təsdiqləyib. Bildirib ki, onun atasıyla görüşünə icazə verilməyib. O.Salayev atasının yazdığı məktubu da Meydan TV-yə təqdim edib. Ə.Salayev məktubda işgəncəyə məruz qalmasından bəhs edir, harada və necə döyüldüyünü yazır.

Ə.Salayev məktubunda yazılıb ki, yanvarın 13-də Səbail Rayon Məhkəməsində onun haqqında 30 sutkalıq həbs qərarı çıxarılandan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə qaytarıblar:

"İkinci mərtəbəyə qaldırdılar, sola dönəndə tualetin yanında bir otağa saldılar. Bölmənin rəisi gəldi, 20-yə qədər də polis dəhlizdə düzüldü. Məni otaqdan çıxarıb, tualetə apardılar. Video vasitəsilə tualeti yumağa məcbur etmək istədilər. Mən imtina edəndə rəis dedi ki, "döyün”. Qolumu qandalla arxadan bağladılar. Tualetin içində döyməyə başladılar. Rəis dedi ki, "başını soxun unitazın içinə”. Sonra yerə yıxıb, üstümə çıxıb təpikləməyə başladılar. Bir saata yaxın tualetdə döydülər. Bədənimin hər yeri xəsarətdir. Sonra məni Səbail Rayon Polis İdarəsinin rəisinin otağına apardılar. O, məni nalayiq söyüşlərlə təhqir etdi, vurdu, sonra da dedi ki, "aparın "podvala”, sındırın”. Məni "podvala” düşürdülər. Rəisin üç müavini və əməliyyat qrupu paltarlarımı soyundurdular. Lüt formada, videokamera ilə çəkilişlə tualeti və yeri yumağa məcbur etmək istədilər. İmtina elədim. Dizlərim üstdə yerə oturmağa məcbur elədilər. Etiraz elədim, qoluma arxadan qandal vurub, döyməyə başladılar. Qarnımın üstündə oturub, partlatdılar. Başımı da partladıblar. Gecə saat 12 radələrində məni inzibati həbs yerinə gətirdilər”.

Oğlunun sözlərinə görə, Ə.Salayevin qarnında yırtıq partlayıb, durumu o qədər ağır olub ki, polislər onu xəstəxanaya aparmağa məcbur olublar: "Orada "qrıja” partlamasına görə həkimlər əməliyyat eləmək istəyib. Polislər qoymayıb, deyiblər ki, "ilkin tibbi yardım göstərin, kifayətdir”.

Ə.Salayevin məktubu
Mənbə: Foto: Meydan tv

Vəkil Cavad Cavadov yanvarın 22-də təcridxanada Ə.Salayevlə görüşüb. Vəkil bu haqda ətraflı danışmaq istəməyib. Qısaca bunları deyib: "Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyik. Çünki qərarın əsassız olduğunu bildirir. Digər şikayətlərilə bağlı da hüquqi baxımdan nə lazımdırsa, edəcəyik”.

Daxili İşlər Nazirliyindən Ə.Salayevin işgəncəyə məruz qalması barədə deyilənlərlə bağlı mövqe öyrənmək mümkün olmayıb.

Ə.Salayev yanvarın 13-də partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. N.Abdullazadənin sözlərinə görə, onlar kafedə yemək yeyərkən polislər gəlib aparıb. 8-ci polis bölməsində onun və C.Novruzovun haqqında xırda xuliqanlıqla bağlı protokol tərtib olunub, hər birini 50 manat cərimələyiblər, Ə.Salayev isə həbs olunub: "Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük”.

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl "Youtube" kanalında Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona "qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?" deyə cavab verirdi.

Ə.Salayevin məktubunun ardı
Mənbə: Foto: Meydan tv