Rektorun qızını aldadıb qızıllarını aldılar
04-12-2024 13:02 / Bu xəbər 88 dəfə oxundu
Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.
İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır.
Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb.
A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib.
Buraya 30 min manatlıq "Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir.
Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb.
İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.
Sayt məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxlayıb.
Vəkilin münasibətindən belə aydın olub ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir.
Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar.
Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.
Fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur.
O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib.
Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.
İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur.
Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib.
Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.
Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.