Reportyor: "MİA-ya gedib qanun layihəsinin bir nüsxəsini istədik, vermədilər"

Reportyor:

02-07-2021 13:05 / Bu xəbər 2563 dəfə oxundu

"Dedim ki, vahid vəsiqəmiz olmasa, polis fəaliyyətimə müdaxilə edəcək"

"Media Haqqında yeni qanun layihəsinin bir nüsxəsini istədik, vermədilər. Dedik, barı qanun layihəsi ilə bağlı ictimai müzakirələr keçirin və bizim istədiyimiz müstəqil ekspertlərin adlarını o siyahıya yazın. Bizimlə razılaşdılar, daha bilmirik, bunu edəcəklər, ya yox”.

Bir qrup müstəqil jurnalist bu tələblərlə Medianın İnkişafı Agentliyinə üz tutublar.

Həmin jurnalistlərdən Nurlan Libre Meydan TV-yə bildirib ki, əslində onlar daha öncə agentliyə email də yazıblar, ancaq cavab ala bilməyiblər. Axırda məcbur qalıb və birbaşa ofislərinə getməli olub: "30-a yaxın müstəqil və beynəlxalq media ilə əməkdaşlıq edən jurnalistlərin adından getdim və bizi narahat edən məqamlardan danışdım. Qanun layihəsinin nüsxəsini vermədilər, amma ictimai müzakirələrə bizim istədiyimiz ekspertləri dəvət etməyə razı oldular. Mən onlara hüquqşünas Ələsgər Məmmədlinin, media hüququ üzrə mütəxəssis Xalid Ağəliyevin və "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin adını verdim. Onlar müstəqil ekspertlərdir və müzakirələrdə bizi təmsil edə bilərlər. Bu insanları ictimai müzakirələrdə görmək istəyirik dedik. Razılaşdılar, görək, dəvət edəcəklərmi”.

İyunun 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) "Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib.

Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi, AZƏRTAC-ın İdarə Heyətinin üzvləri və struktur rəhbərləri iştirak ediblər.

Qanun layihəsinin müddəaları Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur.

Nurlan Libre Medianın İnkişafı Agentliyində Rüstəm Əbülfətoğlu və kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva ilə görüşüb.

Bildirib ki, ölkədə 30-a yaxın reportyor var. Onlar xarici media qurumların nümayəndələri və müstəqil fəaliyyət göstərən jurnalistlərdir: "Xaricdə fəaliyyət göstərən və Azərbaycanla hər hansı hüquqi bağlılığı olmayan reportyorların vahid vəsiqə almaq imkanı yoxdur. Buna görə polis əməkdaşları onları incidəcəklər. Məsələn, reportaj hazırladığımız yerdə yaxınlaşacaqlar, vəsiqə tələb edəcəklər, göstərəcəyik, deyəcəklər ki, sizdə vahid press kart yoxdur, çəkiliş apara bilməzsiniz. Bununla da bizim işimizə süni əngəllər yaradacaqlar. Buna aydınlıq gətirmək lazımdır”.

Agentlikdə jurnalistə bildiriblər ki, vahid vəsiqələrin alınması məcburi deyil, istəyən ala, istəməyən almaya bilər və buna görə qanunda hər hansı cəza tətbiq edilmir: "Bu zaman mən onlara polislərin daim qanunlardan sui-istifadə etdiklərini xatırlatdım. Dedim, bu qanundan da özlərinə sərf edən variantda istifadə edəcək, bizə işləməyə şərait yaratmayacaqlar. Misal kimi Milli Məclisə akreditasiya məsələsini çəkdim. Dedim, Milli Məclisə əslində akreditasiya olmayan jurnalistlər də girə, çəkiliş apara bilərlər. Amma qanundakı akreditasiya məsələsi sui-istifadə edilir və akreditasiyası olmayan jurnalistləri Milli Məclisin heç yaxınına da buraxmırlar”.

Jurnalist bildirir ki, əvəllər polisin jurnalisti saxlamağı qanunsuz idisə, qanun layihəsindən sonra hansısa reportyoru saxlamağa əsasları yaranacaq: "Aksiya, etiraz zamanı yaxınlaşıb vəsiqə tələb edəcəklər və bizim göstərdiyimiz sənədi qəbul etməyəcəklər. Bir də görəcəyik ki, polis bölməsindəyik. Məsələn, 2018-2019-cu illərdə bunu tez-tez edirdilər. Sərhədsiz Reportyorlar Təşkilatının səyi və etirazlardan sonra bu problem qismən həll olundu. İndi bu zorakılıq halları yenidən başlayacaq. Biz bundan narahatıq”.

Medianın İnkişafı Agentliyindən Nurlan Librenin telefon nömrəsini istəyiblər. Dedilər ki, qısa zamanda müstəqil reportyorların görüşünü təşkil edib, müzakirə aparacaqlar: "Mən onlara şəffaf işləmədilərini dedim. "Facebook” səhifələrinə girirsən, şəxsi mesaj bölümü bağlıdır, email yazırsan, cavab vermirlər, qanun layihəsi ilə bağlı mətbuata heç bir açıqlama vermirlər. Bir iki hökumət mediasına açıqlama verirlər, o da qapalı qapılar arxasında. Qanun layihəsinin detalları barədə məlumatsızıq”.

Qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub.

Bildirilir ki, bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-ya müraciət etmək lazım olacaq: "Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır”.

Bəzi saytların, xüsusən agentliklərin həm onlayn televiziya, həm də sayt kimi fəaliyyət göstərməsinin necə tənzimlənəcəyinə gəlincə, MTRŞ bildirir ki, yeni qanun layihəsinə əsasən, sayt və informasiya agentliklərinin qeydiyyatını Medianın İnkişafı Agentliyi həyata keçirəcək: "Bunun üçün lisenziya alınmasına ehtiyac yoxdur. Məsələn, bir media həm informasiya agentliyi kimi Medianın İnkişafı Agentliyindən qeydiyyatdan keçərək fəaliyyət göstərə biləcək, eyni zamanda TV Şuraya müraciət edərək lisenziya alaraq platforma yayımçısı kimi tanınacaq”.

Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyir ki, "Media haqqında” qanun layihəsi ilə bağlı verilən açıqlamadan bəlli olur ki, medianın hüquqi tənzimlənməsində mütərəqqi islahatlar vəd edən hökumət əvvəlkindən də mürtəce tənzimləmə mexanizmləri üzərində çalışır. Yeni qanun layihəsi internet üzərindən yayım edənlərə lisenziya tələbi gətirilməsini nəzərdə tutur: "Yəni, domenin var, saytın var, yayım etmək istəyirsən, gedib Teleradio Şurasının müsabiqəsinə qatılmalısan, lisenziya almalısan və s”.

Hüquqşünas deyir ki, Avropa Konvensiyasının İfadə azadlığı hüququnu təsbit edən 10-cu maddəsi var. Həmin maddədə belə bir cümlə var: "Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”.

Medianın İnkişafı Agentliyindən jurnalistlərin tələbləri ilə bağlı hansı addımları atacaqları barəsində münasibət öyrənmək mümkün olmayıb.