Rəşad Ramazanov saxlanılıb

Rəşad Ramazanov saxlanılıb

21-05-2022 13:40 / Bu xəbər 2232 dəfə oxundu

"Yenə narkotiklə şərləmək istəyirlər”

Bloger Rəşad Ramazanovun saxlandığı bildirilir. 

Həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, o, mayın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb.

Könül Ramazanovanın sözlərinə görə, həyat yoldaşını əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar. 

Rəşad Ramazanov özü bölmədən evlə əlaqə saxlayıb və orada olduğunu deyib.

"Mən dərhal ora getdim. Orada dedilər ki, guya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Bildirdilər ki, bölmədə yoxdur. Amma sonradan öyrəndim ki, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Yenə narkotiklə şərləmək istəyirlər”, – Könül Ramazanova bildirib.

O əlavə edib ki, baş verənlərlə əlaqədar həm Ombudsman Aparatına, həm də Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib.

Rəşad Ramazanovun saxlanmasıyla əlaqədar Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Rəşad Ramazanov 2013-cü ilin may ayında da həbs olunmuşdu. O, narkotik ittihamıyla 9 il azadlıqdan məhrum edilmişdi. 

Rəşad Ramazanov ittihamı qəbul etmir, sosial şəbəkələrdə hökuməti, o cümlədən prezidenti tənqid edən paylaşımlarına görə cəzalandırıldığını bildirirdi.

O, 2019-cu ilin martın 16-da əfv sərəncamı ilə azadlığa buraxılıb.