Rəsmi Bakı Fransa Senatının qətnaməsini pislədi: “Revanşistləri həvəsləndirir…”

Rəsmi Bakı Fransa Senatının qətnaməsini pislədi: “Revanşistləri həvəsləndirir…”

16-11-2022 13:25 / Bu xəbər 678 dəfə oxundu

Əli Kərimli: "Dörd tərəfimizin erməni dostu olması İlham Əliyevin xarici siyasətinin iflasıdır”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatının 15 noyabr qətnaməsini yalan və iftira üzərində qurulmuş sənəd adlandırıb.

Bu barədə XİN-in noyabrın 16-da yaydığı bəyanatda qeyd olunub.

XİN hesab edir ki, "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır: "Sənəd açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir. Qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olduğunu göstərir”.

XİN təəssüflənir ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalında qalması, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünün hüquqlarının qəddarcasına tapdanması Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə görməzdən gəlinib: "Həmçinin Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır”.

"Qətnamədə "Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar ölkənin Konstitusiyasına uyğun olaraq təmin ediləcək”, – deyə nazirlik qeyd edib.

XİN bəyan edib ki, sənəd Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir, həmçinin qətnamənin adında qeyd olunduğu "dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.

"Fransa ilə münasibətlərin bu həddə gərginləşməsinə görə İlham Əliyev məsuliyyət daşıyır”

Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədri Əli Kərimli də Fransa Senatının qətnaməsini şərh edib.

O, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməni ölkə üçün neqativ hadisə adlandırıb.

Əli Kərimli hesab edir ki, məsələni kiçiltmək və əhəmiyyətsizləşdirmək lazım deyil: "Əlbəttə ki, qətnamə obyektivlikdən uzaqdır, Azərbaycana münasibətdə qərəzlidir, Ermənistanın saxta arqumentləri əsasında qəbul edilib. Belə bir obyektivlikdən uzaq və qərəzli qətnamənin qəbul edilməsində şübhəsiz ki, Fransada yaşayan erməni diasporasının rolu və Fransanın Ermənistana daha xoş münasibətinin təsiri var”.

Bu barədə Ə.Kərimli "Facebook” səhifəsində yazıb.

Bununla belə, AXCP sədri Fransa ilə münasibətlərin bu həddə gərginləşməsinə görə İlham Əliyev hakimiyyətinin də məsuliyyət daşıdığı qənaətindədir: "Erməni təəssübkeşliyi məgər Fransada bu günlərdə yaranıb? Əliyevlər Fransanı Minsk Qrupuna dəvət edəndə böyük erməni diasporasının bu ölkənin siyasətinə təsirini bilmirdilər? Bəs İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva Fransa ordeni ilə təltif olunanda, Azərbaycanın milyonları Fransa muzeylərinin təmirinə xərclənəndə bu ölkə ermənipərəst deyildi? Nəyə görə son illərə qədər Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə tarazlığı qorumağa ən azı çalışan rəsmi Paris gəlib oldu Ermənistanın birmənalı dostu? Bunu başa düşmək çətindirmi ki, "filankəs qələt edir”, "filan ölkə ermənipərəstdir, onu yerində oturdarıq” ritorikası bizə dost qazandırmır, əksinə, Ermənistanın dostlarını artırır? Aydın deyilmi ki, korrupsiya və repressiya çempionu, üstəlik də Rusiyanın müttəfiqi olmaqla müasir dünyada dost, tərəfdar qazanmaq mümkün deyil? Aydın deyilmi ki, Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən gələn anti-Azərbaycan ritorikası, dörd bir tərəfimizin erməni dostu olması İlham Əliyevin xarici siyasətinin iflasıdır?”.

"Milli Məclisdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı siyasəti ilə bağlı dinləmələr keçirilməlidir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə qətnaməni beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı nümayişkəranə hörmətsizliyin növbəti təzahürü sayır.

Komitə sədri APA-ya deyib ki, Milli Məclisdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı və müstəmləkəçilik siyasəti ilə bağlı dinləmələr keçirilməlidir: "Fransanın müstəmləkəçilik siyasəti bütün dünyaya yaxşı məlumdur. Fransa tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməlidir, lakin bundan imtina edir. Belə bir qara keçmişi olan Fransa Senatının qətnaməsində müstəmləkəçi təfəkkürü də aydın sezilir”.

Noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib.

Toplantıda iştirak edənlərin 296 nəfərdən 295-i layihəni dəstəkləyib, 1 nəfər sənədin əleyhinə səs verib.

Qətnamədə Azərbaycandan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunub.

Eyni zamanda, Azərbaycan və onun tərəfdaşları qarşısında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələbi qoyulub.