RƏSMİ: “Bravo”ya basqın edənlərdən biri saxlanılıb, biri öldürülüb
04-03-2023 23:07 / Bu xəbər 985 dəfə oxundu
Bakının Xətai rayonu ərazisində yerləşən "Bravo” Hipermarketində basqın etməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən digəri isə öldürülüb.
Məlumatı Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev yayıb.
DİN-nin məlumatına görə, şübhəli bilinən şəxslərdən biri, 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib.
Müqavimət göstərməsinə baxmayaraq, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi açıqlanıb.
"Bravo” marketdə nə baş verib?
Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən "Bravo” Hipermarketində atışma olub.
Şahidlərin verdiyi məlumata görə, hadisə hipermarketin girişində qoyulmuş "Unibank” terminalının önündə baş verib.
Terminaldakı pulları götürən inkasatorlara qəfil hücum olduğu bildirilir.
Hadisə nəticəsində iki nəfər güllələnib.
Bank inkasatorunun öldüyü, digər şəxsin isə xəstəxanaya aparıldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
"Bravo” marketdə öldürülən kimdir?
"Bravo” marketdə silahlı hücumda öldürülən Rüfət Həşimov 1988-ci ildə Bakıda doğulub.
R.Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.
O, kikboks üzrə respublika mükafatçısı idi. Rüfət Həşimov ikinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub.
Cinayət işi açılıb...
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
"Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb”, – məlumatda deyilir.
Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
"Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.