Rəsmi Kiyev: “Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır”

Rəsmi Kiyev: “Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır”

10-03-2022 16:39 / Bu xəbər 586 dəfə oxundu

Kuleba atəşkəslə bağlı razılığa gələ bilmədiklərini deyib

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla aparılan danışıqlar çətin keçib”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba martın 10-da Türkiyənin Antalya şəhərində rusiyalı həmkarı Sergey Lavrovla aparılan danışıqlardan sonra jurnalistlərə deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə baş tutan görüşün saatyarım davam etdiyi bildirilir.

Ukraynalı nazirin sözlərinə görə, onlar humanitar həll yolu tapmaq üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.

"Atəşkəslə bağlı isə heç bir razılıq əldə olunmadı”, – deyə Kuleba qeyd edib.

D.Kuleba növbəti belə bir formatda görüşə razı olduğunu deyib: "Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm. Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram".

"Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq. Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, – deyə Kuleba bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə görüş barədə bunları deyib: "Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə, xəbərdarlıq edirik. Rusiya, o ərazidən gələn təhlükəyə cavab verib”.

Onun sözlərinə görə, başlanan hərbi əməliyyatlar plan üzrə gedir: "Qərbli həmkarlarımız isə bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”.

Rusiyanın istəyinə gəlincə, Lavrov deyib ki, onlar Ukraynada "neonasist” ənənənin formalaşmasını istəmirlər: "Biz Ukraynanın neytral qalmasını istəyirik”.

İki dövlətin liderlərinin görüşü barədə suala Lavrov: "Rusiya hər zaman nəticə verə biləcək görüşlərin keçirilməsinə tərəfdardır”, – deyə cavab verib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.