Rəsmi Paris: “İlham Əliyevin bu addımı cavabsız qalmayacaq”

Rəsmi Paris: “İlham Əliyevin bu addımı cavabsız qalmayacaq”

14-11-2024 01:43 / Bu xəbər 392 dəfə oxundu

"Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədən hədsiz şəxsi gündəm üçün istifadə edir”

Fransanın ekologiya naziri Anye Runaşe Azərbaycana səfərindən imtina edib. Noyabrın 13-də Fransa Senatında çıxış edən Anye Runaşe Bakıya səfərini planlaşdırdığını, amma İlham Əliyevin ölkəsinə qarşı sərt tənqidlərdən sonra Azərbaycana getməmək qərarı verdiyini bildirib.

Azərbaycanın dövlət başçısı İlham Əliyev bugünkü çıxışında demişdi ki, əsrlər boyu Paris kiçik ada dövlətlərinin təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir: "Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib”.

Anye Runaşe

Anye Runaşe isə İlham Əliyevin bu addımının cavabsız qalmayacağını bildirib: "COP29-un açılışında prezident Əliyevin Fransa və Avropaya qarşı söylədiyi fikirlər qəbuledilməzdir. Ölkəmizə, onun qurumlarına və ərazilərinə qarşı birbaşa hücumlar əsassızdır”.

Onun fikrincə, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədən hədsiz şəxsi gündəm üçün istifadə edir: "Bu hücumlar UNFCCC davranış kodeksinin açıq şəkildə pozulmasını təşkil edir, ona görə cavabsız qalmayacaq. Müzakirədən sonra Prezident və Baş nazirlə razılaşaraq Bakıya getməyəcəyəm”.

"Fransa danışıqlar qrupları mənim uzaqdan dəstəyimlə və avropalı tərəfdaşlarımızla birlikdə planeti və əhalimizi qorumaq üçün səylərini əsirgəməyəcəklər. Biz qəyyumları olduğumuz Paris Sazişinin əldə olunmasından 10 il sonra onun həyata keçirilməsində ən yüksək ambisiyanı müdafiə etməyə davam edəcəyik”,-deyə fransalı nazir fikrini tamamlayıb(Meydan TV).