Rəsmi qurumlar Anar Məmmədlinin səhhətinin pisləşməsinə reaksiya vermir
17-10-2024 13:43 / Bu xəbər 595 dəfə oxundu
Vəkillər və fəallar həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) direktoru Anar Məmmədlinin vəziyyətinin sürətlə pisləşməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
"Keçən həftə vəkil Elçin Sadıqovla Bakı İstintaq Təcridxanasında Anar Məmmədli ilə görüşəndə bizə bildirdi ki, səhhətində olan çoxsaylı problemlər artıq onu ciddi şəkildə narahat etməyə başlayır və əsaslı müayinəyə ehtiyac var", - deyə vəkil Cavad Cavadov öz "Facebook" səhifəsində yazıb.
Elə həmin gün Məmmədlinin özünün tibbi müayinə aparılması haqqında yazılı xahişi Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına göndərilib.
Məmmədli və vəkilləri müayinənin mülki xəstəxanada aparılmasının təmin edilməsini xahiş ediblər: "Onun səhhətində açıqlanmasını istəmədiyimiz ciddi narahatedici məqamlar var".
Oktyabrın 16-da vəkil Sadıqov Məmmədliyə baş çəkib, o, müraciətinə heç bir cavab olmadığını bildirib: "Buna görə biz bu məsələni ictimailəşdirmək qərarına gəldik".
Öz növbəsində, xaricdə hüquq müdafiəçilərinin təşkil etdiyi "Anar Məmmədlini müdafiə kampaniyası"nın iştirakçıları da onun müstəqil həkimlər tərəfindən təcili müayinə və müalicə olunmasını tələb edib.
"Azərbaycanda həbsxana şəraitinin pis olması Anar Məmmədlinin səhhətində düzəlməz nəticələrə səbəb ola bilər", - deyə kampaniya iştirakçılarının yaydığı bəyanatda bildirilir.
Məmmədlinin yoldaşlarının sözlərinə görə, o, həddindən artıq arıqlayıb, görməsi pisləşib, boğazında problemlər yaranıb.
***
Anar Məmmədli aprelin 29-da saxlanılıb, aprelin 30-da isə CM-in 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq - əvvəlcədən əlbir olan qrup tərəfindən törədildikdə) ittiham olunub.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Məmmədlini və digər məhbusları dərhal azad etməyə çağırıb.
Anar Məmmədli seçki hüququ sahəsində fəaliyyət göstərən QHT-nin rəhbəri və seçkilər haqqında tənqidi hesabatların müəllifidir.