Rəsmi statistikaya inanaq, inanmayaq?

Rəsmi statistikaya inanaq, inanmayaq?

15-12-2019 01:46 / Bu xəbər 1688 dəfə oxundu

Rəsmi açıqlamaya görə, bu ilin noyabrında illik inflyasiya Azərbaycanda 2,6 faiz təşkil edib.
 
Bəs görək Dövlət Statistika Komitəsinin bu açıqlamasına iqtisadçılar, siyasətçilər necə baxır?

"Azərbaycanda statistikanın siyasiləşməsi şübhə doğurmur”

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, Azərbaycanda rəsmi statistik göstəriclərin reallığı əks etdirməsi şübhəlidir: "Çünki, Azərbaycanda statistikanın siyasiləşməsi heç kəsdə şübhə doğurmur. Bu da ondan irəli gəlir ki, alternativ mənbələr olmadığından Dövlət Statistika Komitəsi bu sahədə yeganə orqana çevrilib. Bu da mütəxəssislərdə və sadə insanlarda ciddi suallar doğrur. Reallıqla rəqəmlər arasında həmişə ciddi fərq özünü göstərir. Bu tək inflyasiya ilə bağlı deyil, istənilən rəqəmlərlə bağlı ciddi suallar yaranır. Yəni, statistikanın siyasiləşməsi və siyasi konyukturaya uyğun olaraq açıqlanması Azərbaycanda pis ənənə halını alıb”.

"Ən azından 2 dəfə...”
 

Natiq Cəfərli

N.Cəfərli deyir ki, əvvəllər Azərbaycanda qeyri hökumət təşkilatları (QHT) bu sahədə alternativ hesablamalar aparıblar: "2014-cü ildən bu yana bu da mümkün deyil. 2014-cü ildə QHT-lərlə bağlı qanunvericiliyə dəyişkliklər bu sahədə onların fəaliyyətinə maneə törətdi. Bu sahədə yeganə orqan Dövlət Statistika Komitəsi oldu.Bu da təbii ki, ciddi suallar doğurur. Çünki, vətəndaşlar hər gün üzləşdikləri qiymət artımının reallıqda statistika göstəriclərində özünü əks etdirmədiyinin şahidi olurlar. İnflyasiya ilə bağlı statistik gösətricilərə baxdıqda və reallığı nəzərə aldıqda düşünürəm ki, ən azından 2 dəfə fərqli rəqəmlərin alınması ehtimalı çox böyükdür”.

"Bu bahalaşma vətəndaşın cibindən çıxır”

Natiq Cəfərli vurğulayır ki, son iki ildə dollara nisbətdə manatın məzənnəsi inzibati müdaxilə nəticəsində sabit qalır, hesabat dövründə də valyutanın məzənnəsində dəyişiklik olmayıb: "Amma nə qədər qəribə səslənsə də vergi və gömrük orqanlarında ödənişlərin artması baş verir. Bu orqanların büdcəyə tələb ediləndən iki dəfəyə yaxın çox vəsait köçürməsi barədə xəbərlər yayılır. Bu o demək deyil ki, ölkəyə gətirilən malların həcmi iki dəfə artıb, xeyr. Həcm olaraq artım yoxdur. Sadəcə, rəsmiləşdirilmənin daha ciddi aparılması ödənişləri də artırır. Əgər ödənişlər artıbsa, deməli o ödənişlərin qiyməti də malların üzərinə gəlir. Amma bu hissəni Dövlət Staistika Komitəsi nəzərə almır, son nəticədə bu bahalaşma vətəndaşın cibindən çıxır ”.

Enən uçot dərəcələri...

Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc isə " Turan” agentliyinə deyib ki, inflyasiyanın hesablanması üçün nə qədər alternativ hesablanmalar aparılsa belə dövlət özünün maliyyə və iqtisadi siyasətini məhz Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında qurur.

STM rəhbəri vurğulayıb ki, yaxın günlərdə Məkəzi Bank içot dərəcələrini növbəti dəfə aşağı salıb, bu isə devalvasiyadan (2015-ci ilin fevral və dekabr devalvasiyaları nəzərdə tutulur-red) bu yana yarıbayarı azalma deməkdir.

Zahid Oruc, 24 oktyabr 2019

Z.Oruc həmin zaman uçot dərəcəsinin 15 faiz həddində olduğunu xatırladıb: "Sadə dilə çevisək bu o deməkdir ki, dövlət öz maliyyə resursu olaraq valyutasını banklara həmin faiz əsasında satır, növbəti zəncir kimi banklar da onun üzərinə öz hansısa xidmət və sair xərclərini qoyaraq vətəndaşlarla, korporasiyalarla, şirkətlərlə çalışırlar. İndi uçot dərəcəsinin aşağı düşüməsi sübut edir ki, dövlət özünün valyutasını hər hansı bir şəkildə inflyasiyaya uğramasından narahat deyil. Əksinə, manatın mövqeyinin güclənməsi narahatlıq yarada bilər”.

Bazara təsir edən amillər...

Z.Oruca görə, istehlak bazarındakı qiymət dəyişmələrinə təsir edən amillər var: " Bu il çox maliyyə yüklü qərarlar verildi. Şəhid ailələrilə bağlı 11 min manat birdəfəlik ödəmələr, ardınca antidevalvasiya qərarları qəbul olundu. Minimum əməkhaqları, pensiyalar qaldırıldı. Odur ki, istehlak bazarında qiymətlərin müəyyən dərəcədə dəyişməsi bu amillərlə bağlıdır”.

STM rəhbəri hesab edir ki, hər bir halda 2019-cu ildə iqtisadi aktivlik artıb, siyasi iqlim kifayət qədər yüksəkdir, sahibkarlıq fəaliyyətinə baş vuran insanların, hüquqi şəxslərin sayı, istehsal dövriyyəsi artıb.

Z.Oruca görə, bununla belə problemlər də var, bunu yeni hökumət də bilir. Onun fikrincə, hökumətin də ən böyük vəzifəsi inflyasiyanı aşağı səviyyədə saxlamaq, qiymət artımlarının real səbəblərini təhlil ermək, ona bağlı çevik gömrük və vergi siyasəti yürütməkdir.