Rəsmi Vaşinqton Əliyevin ittihamlarına cavab verdi

Rəsmi Vaşinqton Əliyevin ittihamlarına cavab verdi

25-12-2024 15:24 / Bu xəbər 83 dəfə oxundu

"Ermənistanla Azərbaycana verdiyimiz yardım NATO ilə əməkdaşlığı gücləndirmək üçündür”

Rəsmi Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana silah tədarükü ilə bağlı ittihamlarına cavab verib.

"Azadlıq” radiosunun erməni xidməti bu barədə yazıb.

"Amerikanın həm Ermənistana, həm də Azərbaycana verdiyi təhlükəsizlik yardımı ABŞ və NATO qüvvələri ilə əməkdaşlığı gücləndirmək, ordunun peşəkarlığını artırmaq və hər iki ölkənin İranla sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır”, – məlumatda deyilir.

İlham Əliyev dekabrın 18-də Rusiyanın dövlət televiziya kanallarına verdiyi müsahibəsində Ermənistana əsas silah tədarükçüsünün Fransa olduğunu bildirmişdi.

Prezident həmçinin qeyd etmişdi ki, Hindistan və ABŞ də Ermənistanı silahla təmin edir.

"Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, ABŞ bunu etiraf etmir, lakin biz Ermənistanın hava limanlarına enən hərbi-nəqliyyat təyyarələrinin döyüş sursat çatdırdığını izləmişik”, – Əliyev deyib.

Nə Yerevan, nə də Vaşinqton indiyə qədər sursat tədarükü barədə hər hansı bir açıqlama verib.

"Azatutyun”un "Əliyev hansı sursatdan danışır və onun açıqlamaları həqiqətəuyğundurmu?” sualına ABŞ Dövlət Departamentinin nümayəndəsi birbaşa cavab verməyib.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana təhlükəsizlik yardımını elə edir ki, ondan hücum xarakterli istifadə edilməsin. Sabit sülh danışıqlarının davam etdirilməsinə xələl gətirməsin və ya mane olmasın”, – ABŞ Dövlət Departamentindən bildirilib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller də vurğulayıb ki, Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında təmasların davam etdirilməsini dəstəkləyir.