Rəsulzadənin barelyefini bələdiyyə sədri oğurlayıb? - Polis kimi həbs edib?
18-01-2019 01:43 / Bu xəbər 1766 dəfə oxundu
Bələdiyyə sədri: ""Lövhə bizim tərəfimizdən çıxarılıb"
Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayan şəxsin saxlandığı deyilir.
"Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Novxanı kənd bələdiyyəsindən bildiriblər.
Bələdiyyədən ad çəkməsələr də, olaydan təəssüfləndiklərini vurğulayıblar.
Novxanı kəndindən verilən məlumata görə, olay yanvarın 15-nə keçən gecə baş verib. M.Ə. Rəsulzadənin Novxanı kəndində doğulduğu və hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evinin önündə yerləşən misdən hazırlanmış barelyefin oğurlandığı aşıqlanmışdı. Həmin barelyef 1992-ci ildən Rəsulzadələr ailəsinin keçmişdə yaşadığı həmin binanın divarına vurulmuşdu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə teleqraf.com-a verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.
Rəsmi açıqlamada deyilir ki, polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
"Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Yanvarın 16-da isə Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev cebhe.info-ya bildirmişdi ki, Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyef əslində bələdiyyə tərəfindən çıxarılıb.
Onun sözlərinə görə, Rəsulzadənin lövhəsi bərbad və uçuq vəziyyətdə olub: "Lövhə bizim tərəfimizdən çıxarılıb. Özünüz də yəqin ki, görmüsünüz, lövhə hansı vəziyyətdə idi. Bir həftəyə mərmərdən yaxşı bir görkəmdə lövhə hazırlanacaq və yerinə asılacaq. Gəlib çəkiliş də edə bilərsiz”.
Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlandığı ilə bağlı məlumatlar dünən yayılmışdı.
Abşeron Rayon Polis İdarəsi həmin lövhənin əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarıldığını bildirsə də, səbəbini açıqlamamışdı.
Maraqlıdır, əgər lövhə bələdiyyə tərəfindən çıxarılıbsa, polisin saxladığı şəxslər kimlərdir?