Rüfət Əliyev: "Hesabatları İcra Hakimiyyətinə yox, sizə verərəm"

Rüfət Əliyev:

04-12-2019 16:15 / Bu xəbər 1274 dəfə oxundu

"Bələdiyyə hesabatları icra hakimiyyətinə verir, tapşırıqları icra hakimiyyətinədən alır"

Politoloq Rüfət Əliyev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçicilərə müraciət edib.

77 saylı Astara seçki dairəsi üzrə Hamoşam kənd bələdiyyəsinə namizədliyini irəli sürən Rüfət Əliyev həmkəndlilərini ona səs verməyə çağırıb: "Bütün ölkədə olduğu kimi, Hamoşamda da bələdiyyə icra hakimiyyətindən asılı haldadır. Yəni bələdiyyə faktiki olaraq özünün funksiyası olan, yerli  özünüidarəetmə funksiyasını icra etmir, icra hakimiyyətinin qeyri-rəsmi orqanı olaraq fəaliyyət göstərir. Bələdiyyə hesabatları icra hakimiyyətinə verir,  tapşırıqları icra hakimiyyətinədən alır. Əgər etimad göstərib, məni bələdiyyə üzvü (sədri)  seçərsinizsə,  ilk olaraq bələdiyyənin yerli özünüidarəetmə funksiyasını özünə qaytarmaq üçün,  əlimizdən gələni edərik. Yəni mən İcra Hakimiyyətinin tapşırığı ilə işləmərəm,  hesabatları İcra Hakimiyyətinə yox, sizə verərəm. Qərarları  sizin də iştirakınızla etimad göstərib seçəcəyiniz digər bələdiyyə üzvləri ilə birgə verib, birgə icra edərik".

"İndiyə qədər belə olub ki, bələdiyyə üzvləri özlərinə sədr seçib, bələdiyyə adı ilə bütün qərarları da sədr verib. Əgər etimad göstərərsinizsə,  bələdiyyənin sədr asılığı da olmayacaq. Qərarları "Bələdiyyənin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa  uyğun olaraq,  ayda bir dəfə toplaşan,  bələdiyyə məclisləri verəcək. Sessiya arası dövrdə məclisin verdiyi səlahiyyətə uyğun olaraq, üzvlərin biri və ya sədr qərarların icrasına məhsul olacaq", - o bildirib.  

Daha sonra o qeyd edib: "Eyni zamanda bələdiyyəmizin spesifik problemi də var. Bələdiyyənin mənzil qərargahı yoxdur. İcra nümayəndəliyinin ofisində bir seyf,  bir masa üzərində fəaliyyət göstərir. Bu da bələdiyyənin yerli özünüidarəetmə funksiyasına uyğun deyil. Əgər etimad göstərərsinizsə,  ilk işlərimizdən biri də bələdiyyənin mənzil qərargahının tikilməsi olacaq. Düzdür, dəbdəbəli saray tikmək fikrim yoxdur,  bələdiyyənin imkanları daxilində  kiçik də olsa, bir qərargah tikəcəyik".