Roman Protaseviçin rəfiqəsinə 12 ilə qədər həbs cəzası verilə bilər
26-05-2021 13:40 / Bu xəbər 1263 dəfə oxundu
"Ryanair" təyyarəsinin Minskdə məcburən endirilməsindən sonra saxlanılan Rusiya vətəndaşı Sofiya Sapeqaya Belarus Cinayət Məcəlləsinin 130-cu maddəsi üzrə ittiham irəli sürülə bilər.
"Sputnik Belarus"un məlumatına görə, bu halda Sapeqanı 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
"Məsələ burasındadır ki, Sapeqa 130-cu maddənin 3-cü bəndinə əsasən (irqi, milli, dini, ya da başqa ictimai düşmənçiliyi və ya nifaqı qızışdırmaq) saxlanılıb”, - nəşrin Belarus güc strukturlarındakı mənbəsi deyib.
Sapeqanın öz vəkili ilə bu gün görüşəcəyi gözlənilir. Rusiyanın Minskdəki konsulu dünən onunla görüşüb. Bu, Sapeqa barədə iki aylıq həbs qəti-imkan tədbirinin seçilməsindən sonra baş verib.
Bildirilir ki, "Nexta" teleqram-kanalının yaradıcısı Roman Protaseviçin rəfiqəsi olan Sofiya Sapeqa Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılacaq.
Mayın 25-də "Novoya qazeta” Sapeqanın iki başqa maddə əsasında da (kütləvi iğtişaşların təşkili, qrup halında törədilən və ictimai asayişi kobud şəkildə pozan əməllər) ittiham olunduğunu xəbər vermişdi. Bu informasiya rəsmən təsdiqlənməyib, çünki müdafiə tərəfindən istintaq sirrini açmamaq barədə iltizam alınıb.

Mayın 23-də Afina-Vilnüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanair" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması iddiasıyla Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. Təyyarə Minsk hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər.
Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. Belarusun güc strukturları bloqeri beynəlxalq axtarışa vermiş və "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.












