Rüstəm İbrahimbəyov: "Prezident Administrasiyasından dedilər ki, gəl"
18-02-2019 15:34 / Bu xəbər 1707 dəfə oxundu
Milli Şuranın fəxri sədri Bakıya gəlişindən danışıb
"Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir”.
"Turan” agentliyinin məlumatına görə, bunu tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib.
Hakimiyyətin ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında Rüstəm bəy deyib ki, o, öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir.
"İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır?
Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”, - R.İbrahimbəyov sual edib.
O deyib ki, ittifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. R.İbrahimbəyov qeyd edib ki, adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır.
"Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? "Qafqaz üçlüyü” filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır. Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl”, - o əlavə edib.
R.İbrahimbəyov qeyd edib ki, Bakıda olduğu qısa müddətdə həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib.
"Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evi ilə bağlı, bərpa etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var”, - o vurğulayıb.
"Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?” sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək.
"Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir. Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?”, - R.İbrahimbəyov söhbəti yekunlaşdırıb.
Rüstəm İbrahimbəyov tanınmış və titullu Azərbaycan kinodramaturqu, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq yazıçısıdır. Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimidir.
Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədridir. 2013-cü il prezident seçkilərində Milli Şura onu namizəd kimi irəli sürmək istəsə də, Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının olmasını əsas gətirərək, onun namizədliyini qeydə almayıb.
2013-cü ildən sonra Azərbaycanda yalnız qardaşının yas mərasimində olan R.İbrahimbəyov ötən həftə Bakıya gəlib və incəsənət xadimlərinin iştirakı ilə keçirilən qonaqlıqda iştirak edib.