Rüsumlar birdən-birə 6 dəfədən 30 dəfəyə qədər artırılır

Rüsumlar birdən-birə 6 dəfədən 30 dəfəyə qədər artırılır

02-08-2018 16:54 / Bu xəbər 3168 dəfə oxundu

"Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına” və "Mobil cihazların qeydiyyata alınmasına” görə dövlət rüsumu artırıldı.

Nazirlər Kabineti iyulun 31-də bununla bağlı qərar verib. Yeni qərara əsasən, 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən ediləcək.

"Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

İqtisadçı Natiq Cəfərli deyir ki, nəqliyyatda gediş haqqının artırılması qərarının mürəkkəbi qurumamış hökumət fiziki şəxslər üçün mobil telefonların qeydiyyat rüsumunu kəskin artırdı:

Natiq Cəfərli

"Fiziki şəxslər mobil telefon alıb, ölkəyə gətirib qeydiyyata salmaq üçün əvvəl hər cihaza cəmi 5 manat resum ödəyirdilər. Hökumət bu məbləği az gördü, bu gün yeni rüsumlar təsdiq edilib. Rüsumlar birdən-birə 6 dəfədən 30 dəfəyə qədər artırılır. Görünür, məqsəd bu sahədə də tam inhisarçılığın yaradılması, fiziki şəxslərin telefon gətirməsinin qarşısının alınması, böyük şirkətlər üçün yolun təmizlənməsidir. Telefon satışı ilə məşğul olan böyük şirkətlər, və ya rəsmi dillerlər kimə məxsusdur? Hamısı məmurlarındır. Bax belə, əsl feodalizmdir, sadəcə WiFi var…".

Artıq xeyli müddətdir ki, ölkəyə telefon gətirən şəxslər gömrük orqanlarında mallarının saxlanıldığından şikayətçi idilər. Onların sözlərinə görə, rəsmi qərar olmasa da, qeyri-qanuni ödənişlər tələb edilir, əlavə rüsum alınırdı.
 
Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, bu məsələ narazılıq doğuracaq:
 
"Tarif müəyyən edən qurum deyəsən qəsdən ölkə əhalisini narazı salmaq üçün gecə də gündüz də çalışır. Ölkəyə gətirilən mobil telefonların İMEİ qeydiyyatı ödənişini 30 dəfəyədək artırıb. İndi məsələn İPHONE X modelini qeydiyyatdan keçirmək üçün əlavə 150 manat, Samsung Galaxy S9 kimi modelləri isə iki kartlı olduğuna görə 300 manat əlavə pul ödəyərək ölkədə istifadə etmək mümkün olacaq.
 
Hökumət 5 manat olan İMEİ qeydiyyatı məbləğini 150- 300 manata çıxarmağa qərar verənlərin nə məqsəd daşıdığını düşünməyə çox ehtiyac yoxdur. Məqsəd əhalini qəsdən narazı salmaq, idarəetmənin yararsız olduğunu, qərar qəbul etmədə məsuliyyət olmadığını göstərmək və etirazları mərkəzləşdirməkdir. Bir də monopolist telefon idxalını mütləq şəkildə saxlamaqdır. Başqa məntiqli izah görmürəm".