Ruben Vardanyanın həbs müddəti uzadılıb
18-10-2024 15:09 / Bu xəbər 568 dəfə oxundu
O, terrorçuluq, silahlı birləşmələr yaratmaq və sərhədi qanunsuz keçməkdə ittiham olunur
Qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş, 1 il 1 aydır ki, Bakıda həbsdə olan Ruben Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb.
Bu barədə Səbail Rayon Məhkəməsində qərar çıxarılıb.
Ruben Vardanyanın işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edir. Özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.
Səbail Rayon Məhkəməsində DTX-nın müstəntiqinin vəsatəti və istintaqa prosessual nəzarəti həyata keçirən Baş prokurorun təqdimatına baxılıb.
Təqdimat təmin edilərək həbs qətimkan tədbirinin müddəti uzadılıb.
56 yaşlı Ruben Vardanyan 1 milyard dollardan çox var-dövlətilə rusiyalı biznesmen kimi "Forbes”in siyahısına daxil olmuşdu. Lakin o, 2022-ci ildə separatçı rejimin dövlət naziri olandan bir ay sonra Rusiya vətəndaşlığından imtina etdi və Ermənistan vətəndaşı oldu.
Həmin ərəfədə o, Rusiya Prezidenti Vladimir Putinlə də görüşmüşdü.
Ruben Vardanyana qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.
2023-cü ilin sentyabrında Qarabağda əməliyyatlardan sonra Ruben Vardanyan Laçın dəhlizində saxlanılıb.
Onun ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.