Rubio və Fidan Azərbaycanla Ermənistan arasında sülhü müzakirə ediblər

Rubio və Fidan Azərbaycanla Ermənistan arasında sülhü müzakirə ediblər

24-01-2025 13:26 / Bu xəbər 79 dəfə oxundu

ABŞ dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilir ki, yanvarın 22-də olan telefon danışığında M.Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və regionda ortaq maraqların olduğunu vurğulayıb.

Dövlət katibi Suriyada hərtərəfli siyasi keçidin vacibliyini qeyd edib. 

O, yeni hökumətin Suriyanın beynəlxalq terrorizmin mənbəyinə çevrilməsinin qarşısını almalı və xarici zərərli qüvvələrin bu keçid prosesindən öz məqsədləri üçün istifadə etməsinə imkan verməməli olduğunu bildirib.

Dövlət Departamenti yaydığı məlumatda bildirir ki, tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında "uzunmüddətli və ləyaqətli" sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç ildən çox davam etsə də, hələlik, sülh müqaviləsi imzalanmayıb. 

Danışıqlar həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) ayrı-ayrılıqda vasitəçiliyi ilə aparılıb.

Sonuncu dəfə Vaşinqtonun tərəflər arasında xarici işlər nazirləri səviyyəsində təklif etdiyi görüş baş tutmayıb. 

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında (5-6 dekabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyan görüşməyiblər. 

Azərbaycanda hakimiyyətə yaxınlığı ilə seçilən yerli saytların iddiasına görə, Birləşmiş Ştatların ovaxtkı dövlət katibi Antoni Blinken iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürmək istəsə də, Bakı təklifdən imtina edib.

"Səbəb kimi göstərilib ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür", - həmin saytlarda diplomatik mənbələrə istinadla bildirilir.