Rüfət Əliyev: "Azərpoçt" Astarada 15 bələdiyyəni iflic edib

Rüfət Əliyev:

22-08-2023 11:37 / Bu xəbər 656 dəfə oxundu

"Azərpoçt" regionallaşandan sonra "Azərpoçt"un Astara Filalı bağlandı. Bizə bildirdilər ki, Lənkəran Regional Poçt Filialında bələdiyyələrin yeni hesabı açılmalıdır. Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara Filalında var idi, 21-ci əsrdə bu hesabları Lənkəran Filalına dövr etmək üçün bir neçə dəqiqə kifayətdir. Amma "Azərpoçt" bunu etmədi". 

Bunu Astaranın Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev "Arqument.az"a deyib. 

O, "Azərpoçt"un Lənkəran Regional Filialını məsuliyyətsizlikdə qınayıb: 

"Hesab açmaq üçün Dövlət Vergilər Xidmətindən "şəhadətnamə-dublikat" almaq lazım idi. Əksər bələdiyyələrin vergi borcu olduğu üçün Dövlət Vergilər Xidmətindən "şəhadətnamə-dublikat" üçün müraciət etmək olmurdu. Vergilər Xidmətinə məktubla  müraciət etdik. Sağ olsunlar, vergi borclarını ödəmədən  bələdiyyələrə bu imkan tanındı və yeni hesabları açdıq. İndi üstündən 3 aydan çox vaxt keçməsinə rəğmən, "Azərpoçt"un Lənkəran Filalı hesabımızı aktiv edə bilmir. 4 aydan artıqdır ki, biz bələdiyyələr "Azərpoçt"un  yarıtmazlığı ucbatından hesablarımızda heç bir əməliyyat apara bilmirik".

Rüfət Əliyev deyib ki, hesabdan əlavə keçmiş əməkhaqqı kartları da ləğv olunur:

"Yeni əməkhaqqı kartı da  əlavə ödəniş tələb edir. "Azərpoçt" qazanır deyə təkcə Astarada 15 bələdiyyəni iflic edib. Hələ bunun Lerik, Yardımlı, Masallı, Cəlilabad və eləcə də ölkənin digər rayonları var. Bir sözlə, bələdiyyələrin fəaliyyəti iflic olunub".

"Azərpoçt"un "169 Çağrı Mərkəzi"ndən "Arqument.az"a bildiriblər ki, məsələ araşdırılacaq. 

Daha sonra Mərkəz Ümumi şöbə ilə əlaqə (+99412 44935600) saxlamağı tövsiyə edib. 

Ümumi şöbəyə edilən zənglər isə cavabsız qalıb.