Rüfət Səfərov saxlanılıb (Yenilənib)
03-12-2024 20:10 / Bu xəbər 109 dəfə oxundu
Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuluqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
İddia olunur ki, hüquq müdafiəçisi torpaq satmaq adıyla Natiq İmamverdiyev adlı şəxsdən pul alıb, mübahisə zamanı onu vurub.
Rüfət Səfərov isə bu ittihamın saxta olduğunu, belə bir şəxsi öncədən ümumiyyətlə tanımadığını, dekabrın 3-də evə gələrkən yaşadığı binanın yanında ona hücum etdiyini, ardınca da polislərin onu tutub apardığını bildirir: "İttiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır”.
Hüquq müdafiəçisinin ittiham olunduğu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
***
Hazırda Binəqədi Rayon Polis İdarəsində saxlanılan hüquq müdafiəçisi Rüfət Səfərov vəkili Elçin Sadıqov vasitəsilə yaxınlarına və ictimaiyyətə müraciət edib.
O bildirib ki, saxlanılması ABŞ-yə gözlənilən səfərini əngəlləmək üçündür:
"Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-nin Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm".
"Həbs edildikdən sonra bildim ki, vicdan məhbusu Famil Xəlilov azad edilib. Onu və digər siyasi, vicdan məhbuslarını müdafiə etdiyim üçün xoşbəxtəm. İctimaiyyətdən xahişim budur ki, digər vicdan və siyasi məhbusların müdafiəsinə daha çox vaxt ayırsınlar. Atam ağır parkinson xəstəsidir və əməliyyatdan yeni çıxıb. Həyatı tükdən asılıdır, onu hər an itirə bilərik. Atamdan xahişim odur ki, azadlığa çıxana qədər məni gözləsin", - deyə o qeyd edib.
***
DİN saxlanılma səbəbi kimi bir nəfərlə onun arasında münaqişə olduğunu göstərib
"Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.
Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib.
Atasının dediyinə görə, Rüfət Səfərov dekabrın 3-də axşam saat 17.30 radələrində evə gələrkən yaşadığı binanın yaxınlığında saxlanılıb: "Onu tutub aparanda qonşular görüb”.
Atası deyir ki, Rüfət Səfərova həbs olunacağı barədə dəfələrlə xəbərdarlıq olunmuşdu.
Tələb olunurdu ki, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətini dayandırsın.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti hüquq nüdafiəçisinin saxlandığını təsdiqləyib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub: "Bununla bağlı araşdırma aparılır”.
Hüquq müdafiəçisinin hazırda Binəqədi rayonu, 5-ci polis bölməsində olduğu bildirilir.
Rüfət Səfərov saxlanıldıqdan sonra onun "Facebook" profilindən məlumat paylaşılıb və şərləndiyi bildirilib: "Bu gün, axşam saatlarında, heç bir əsas olmadan, tamamilə cəfəng və uydurma ittihamla məni saxlayıblar. Bəri başdan bildirirəm ki, ittiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır. Hadisə barədə detalları vəkillərim açıqlayacaq".
Statusda qeyd olunur ki, məlumat Səfərovun sözlərinə əsasən, profilinə nəzarət edən dostları tərəfindən yayılıb.
***
Rüfət Səfərov 2016-cı ildə ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.
Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.
Mənzildən onun kompüteri, telefonu götürülüb. Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub.
O, 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rüfət Səfərov 2019-cu ildə əfv fərmanı ilə azad olunub.