Rusiya 17 avqustda üçüncü böyük mitinqə hazırlaşır

Rusiya 17 avqustda üçüncü böyük mitinqə hazırlaşır

12-08-2019 19:07 / Bu xəbər 1516 dəfə oxundu

Rusiya bu günlərdə seçkilər qabağı etiraz mitinqləri ilə çalxalanır. 

Avqustun 10-da Moskva şəhərinin Saxarov prospektində 20-40 min nəfərin iştirakı ilə böyük etiraz mitinqi keçirildi.

Toplum.tv xəbər verir ki, etirazın üçüncü dalğası 17 avqusta planlanılır. 

Etirazların kökü sentyabrda keçiriləcək Moskva Duması seçkilərində bəzi sərbəst namizədlərin qeydiyyata alınmamasıdır.  

Etirazın ilk dalğası, Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KMF) vəkili Lyubov Sabolun aclıq aksiyası ilə başlanıb. 

Sərbəst namizəd olan Sabol namizədlik üçün gərəkli olan beş min imzanı toplayıb. Seçki qurumları 5 min imzanın 15%-ini saxta hesab edib. 

Rusiya qanunlarına görə, imzaların ən çox 10%-i saxta ola bilər. Bu əsasla, L. Sabolun namizədliyi qəbul olunmayıb.

Xanım Sabolun aclıq aksiyasından sonra bir çox sərbəst namizəd eyni problemlə üzləşdiklərini etiraf ediblər. 43-dən çox namizədin ərizəsi imza sayının az, yaxud saxta olması səbəbi ilə rədd edilib. 

Sosial şəbəkələrdə, feysbuk və tvitterdə başlanan etirazlar iyulun 27-si Moskva şəhərinin küçələrində alovlanıb. Minlərlə etirazçı hökümət binasına yürüş ediblər. İcazəsiz etiraz mitinqində mindən çox insan saxlanılıb. İyulun 31-i, prezident Vladimir Putinin sərt tənqidçisi olan müxalifət lideri Aleksey Navalnı icazəsiz aksiyada iştirak etmək çağırışlarına görə  30 sutkalıq müddətə həbs olunub. Kütləvi həbslər, polis zorakılığı ilə yadda qalan etiraz aksiyası xarici mediada böyük ajoitaj doğurub. Hökümətə yaxın dairələr və Rusiya mediası ilə etiraz aksiyasını "kütləvi özbaşınalıq” adlandırıb.

Ötən şənbə, yəni avqustun 12-də Moskvanın Saxarov prospektində icazəli mitinq keçirilib. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mitinqdə 20 min nəfər iştirak edib. Sərbəst statistika şirkətləri isə mitinq işçilərinin 60 mindən çox olduğunu söyləyir. Moskva ilə yanaşı, Rusiyanın Sankt-Peterburq başda olmaqla, bir neçə iri şəhərində də etiraz mitinqləri keçirilib. "Səsvermə Hüququmuzu Bərpa Edək" şüarı ilə başlanılan mitinq rəsmi icazə 16:00-da bitməsinə baxmayaraq, 19:30 və sonrasına qədər davam edib. İkinci dalğa etirazlarda ümumilikdə 200-dən çox etirazçı saxlanılıb. OVD-İnfo saytının məlumatına görə, yerli vaxtla saat 19:30-a qədər 245 nəfər polis tərəfindən saxlanılıb. Onlardan 156 nəfər Moskvada, 86 nəfər Sankt Peterburqda, 11 nəfər Rostov-na-Donda, 2 nəfər isə Bryansk şəhərində saxlanılıb.

Saxlanılanlar arasında Rusiyanın məşhur rejissoru Dmitri Vasilyev də var. Diabet xəstəliyindən əziyyət çəkən rejissorun halı polis şöbəsində pisləşib. Vəkilinin sözlərinə görə, polislər rejissorun insulin iynələrini və indektorunu özüylə götürməyə icazə verməyib. Hazırda rejissor xəstəxanada müalicə alır. Rejissorla yanaşı, Rusiya sənət dünyasının bir çox nümayəndələri etirazlara qoşulublar. 

2011-ci ildə Rusiyada keçirilən prezident seçkilərinə olan etirazlardan sonra, ikinci ən böyük etiraz mitinqi kimi tarixə düşən mitinq dövlət televiziyalarında işıqlandırılmayıb. Mitinq saatlarında "России 1" kanalında film, "Первый” 6 saatlıq musiqi marafonu, "НТВ” kanalında isə interaktiv yarışma efirə gedib. Mitinq haqqında ilk dəfə 16:06-da "Россия 24" kanalı 20 saniyəlik sujet verib. Sujetdə mitinqdə 20 min nəfərin iştirak etdiyi və təyin olunan vaxtda dağılışdığı söylənilib. 

Etirazın üçüncu dalğası 17 avqusta planlaşdırılır. Moskvanın mərkəzindəki Yakimanka rayonunun yerli icra hakimiyyətindən Andrey Morev deyir ki, artıq avqustun 10-da üçüncü mitinq üçün ərizə verilib. Mitinqin şərtləri ötən mitinqdə olduğu kimidir. "Səsvermə Hüququmuzu Bərpa Edək - 3" adlı mitinqə 12 avqustda baş tutandan daha çox etirazçının toplaşması nəzərdə tutulur.

Politoloq Elxan Sahinoğlu da Toplum TV-yə etirazların artacağını güman edir: "Rusiyada müxalifət edən qruplar parlamentdən kənar, yəni sistemdən kənar müxalifət adlanır. Əsas tələbləri də Moskva Dümasının seçkilərində namizədliklərinin qeydə alınmasıdır. Bildiyiniz kimi, bir hissəsinin namizədlikləri qeydə alınmayıb, topladıqları imzalar "saxtadır, yaxud tam deyil deyiblər, halbuki, sistemdən kənar müxalifətçilər bu iddiaların yalan olduğunu idda edirlər. Amma hər halda qeydiyyata almadıqlarına görə bu etiraz aksiyaları baş tutub və bunu da unutmayaq ki, Rusiyanın iki böyük şəhəri, Sankt-Peterburq və və Moskvada sərbəst liberallara dəstək verənlərin sayı artıb. Bunu Moskvada baş tutan mitinqlər də göstərir. Bu proses, çox güman ki, bir müddət davam edəcək".

Elxan Şahinoğlu deyib ki,  Rusiyada hakimiyyətə etiraz getdikcə artır. 

Elxan Şahinoğlu 

Onun sözlərinə görə baş verənlər  Rusiya prezidenti Vladimir Putinin reytinqini bir qədər aşağı salıb: "20 ildir hakimiyyətdədir.Əvvəllər uğurları vardısa indi iqtisadiyyatda və siyasətdə uğurlar yoxdur və insanlar da bunu hiss edir. Sistemdən kənar müxalifətdə bundan istifadə edərək indiki hakimiyyətə qarşı təzyiqlərini artırır. Mənə elə gəlir ki, bu təzyiq getdikcə artacaq”.

Politoloq E. Şahinoğlu da bu dəfəki etirazların, əslində, gəlcəkdəki parlament və prezident seçkilərinə hazırlıq mərhələsi olduğunu söyləyir: "Rusiyada son böyük mitinqlər prezident seçkiləri zamanı olmuşdu. Yaxın illərdıə Rusiyada parlament seçkiləri keçiriləcək. Bu mitinqlər həm də parlament seçkilərinə hazırlıq məqsədi daşıyır. Müxalifət öz  gücünü göstərməyə çalışır. Parlamentdə olan müxalifətin Rusiya hakimiyyəti ilə əlbir olduğu iddiaları var. Əsas iki müxalif partiya var: Komunist partiyası və Liberal-demokratlar. Rusiya cəmiyyətində onları çox da müxalif saymırlar. İndiki mitinqlərdə iştirak edən liberallar və feysbuk şəbəkələrində birləşən qruplar hökümətə etiraz edənlər sayılırlar. Putin hakimiyyəti də istəmir ki, onlar parlamentdə təmsil olunsunlar, Putinin daha çox Komunist və Liberal-demokratlarla razılığa  gəlmək imkanı var".

Elxan Şahinoğlu deyir ki, sistemdən kənar müxalifət bununla razılaşmayaraq, parlament seçkiləri qabağı etirazlarını gücləndirəcək. 

Politoloqun fikrincə, indiki mitinqləri, əsasən, nəbz yoxlaması saymaq olar. 

Cəmilə Məmmədli