Rusiya Azərbaycanlıları İttifaqı fəaliyyətini dayandırıb?

Rusiya Azərbaycanlıları İttifaqı fəaliyyətini dayandırıb?

20-04-2022 15:27 / Bu xəbər 2812 dəfə oxundu

Qurumun saytı, telefonu bağlanıb, sosial layihələri dayandırılıb, qurultaya dəvət olunmayıb

Moskvada fəaliyyət göstərən Rusiya Azərbaycanlıları İttifaqının maliyyə sıxıntıları yaşadığı bildirilir. 

Bu barədə Meydan TV-yə ittifaqdakı mənbə məlumat verib. 

Onun sözlərinə görə, külli miqdarda borca görə, ofisindən çıxarılıblar, qurumun rəsmi saytı olan "rusazunion.ru” saytı da bağlanıb.

Sayt açanda ekranlarda "Ödəmə vaxtı bitib” qeydi yazılır.

Moskvadakı mənbənin məlumatına görə, ittifaqın bütün mədəni və sosial layihələri dayandırlıb. Bunun səbəbi kimi qurumun prezidenti Füzuli Məmmədovun (Frenk Elkapone) İttifaqı maliyyələşdirməkdən boyun qaçırması göstərilir.

Rusiya Azərbaycanlıları İttifaqı 27 aprel 2019-cu ildə Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Moskvada keçrilən Rusiya Azərbaycanlılarının I Forumunda təsis edilib. 

Forumun iştirakçıları, – Rusiyanın 56 regionunda dövlət qeydiyyatdan keçmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri yeni təşkilatın prezidenti vəzifəsinə yekdilliklə Fizuli Məmməd oğlu Məmmədovu seçib.

Qurum yaradıldıqan sonra Diasporla İş üzrə Dövlət Komitəsi onun fəaliyyətinə münasibət bildirərək təqdirəlayiq hal kimi dəyərləndirmişdi.

İttifaqın və adıçəkilən saytın +7 (963) 651-7777 telefon nömrəsinə zəng etdikdə yenə təxminən eyni cavab verilir: "Telefon borcuna görə, bloklanmışdır”.

Meydan TV-nin ittifaqın e-mail ünvanına ([email protected]) yolladığı sorğuya da cavab verilməyib.

Füzuli Məmmədov eyni zamanda digər diaspora qurumlarının Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. O, həm də Rusiyada fəaliyyət göstərən "İntersever” şirkətlər qrupunun rəhbəridir. Şirkətin rəsmi saytında adı Frenk Naxçıvanski kimi qeyd olunub.

Meydan TV-nin əldə etdiyi son məlumata görə, İttifaq Dünya Azərbaycanlılarının aprelin 22-də Şuşada keçiriləcək Qurultayına da dəvət almayıb.