“Rusiya düşdüyü bataqlıqdan 10 illərlə çıxa bilməyəcək”

“Rusiya düşdüyü bataqlıqdan 10 illərlə çıxa bilməyəcək”

12-05-2022 14:27 / Bu xəbər 2630 dəfə oxundu

Ursula von der Leyen: "Təzyiqləri maksimum dərəcədə artıracağıq”

Neft qiymətləri bahalaşmaqda davam edir.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 1,01 dollar artaraq 106,50 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 1,04 dollar bahalaşaraq 104,67 dollar olub. Lakin Rusiyaya aid neft və neft məhsulları dünya bazarlarında ucuz təklif edilir.

"Reuters” yazır ki, Rusiyanın dizel yanacağı digər ölkələr tərəfindən istehsal olunan yanacağa baxanda kəskin endirimlə satılır.

"Shell”, BP və "TotalEnergies” də daxil olmaqla iri firmalar artıq xam neft və Rusiya mənşəli emal olunmuş məhsulları almağı dayandırdıqlarını elan etsələr də, Rusiya neftinin ticarətini davam etdirənlər də var. Çünki Avropa Birliyi Rusiya dizelindən çox asılıdır. Odur ki, bəzi ölkələr hələ də Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ bilməyib.

Son həftələrdə İngiltərə, Fransa, Niderland və digər istiqamətlərə satılan rus dizel yanacağı qeyri-rus yanacaqlarına baxanda təxminən 30 dollar endirimlə satılıb.

"Reuters”un hesablamalarına görə, bu, qeyri-rus dizelinin oxşar yükü ilə müqayisədə standart bir dizel yükündən 1 milyon dollardan çox mənfəət marjası ilə nəticələnə bilər.

Hazırda Rusiya dizelinin bareli 50 dollar səviyyəsindədir.

Oxşar tendensiya benzin bazarında da yaranıb, baxmayaraq ki, Avropa az miqdarda Rusiya benzinini idxal edir.

Son həftələrdə həmçinin səlahiyyətlilər və ya liman işçiləri tərəfindən Rusiya neft və qazını daşıyan tankerlərin Britaniya və Avropa limanlarına buraxılmasının qarşısı alınıb.

"Leitch” bildirib ki, banklar rus dizel yanacağının alınmasına anderrayter verməkdən də imtina edə bilərlər.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, hazırda dünya bazarında Rusiyanın ESPO xam neftinin 1 bareli 74,46 dollara satılır.

Onun sözlərinə görə, iyulun 1-ə olan fyuçers müqavilələrində iyul üçün London birjasında "Brend” xam neftinin 1 barelinin qiyməti 106,62 dollara göstərildiyi halda, Rusiyanın "Lukoyl” şirkəti ilə xam neftinin 1 barelinin qiyməti 4600 rubl və ya bugünkü kursla 68,85 dollar müəyyənləşdirilib:

"Rusiyanın artan müharibə xərcləri və cari məsrəfləri müqabilində neft-qaz gəlirləri də gözlənildiyindən aşağıdır. Belə ki, Rusiyanın Maliyyə Nazirliyi may üçün əlavə neft-qaz gəlirlərindən 414 milyard rubl daxil olacağını proqnozlaşdırmasına baxmayaraq, martda həmin mənbədən büdcəyə 300 milyard rubldan az vəsait daxil olub. Bu göstərici apreldə də gözlənildiyindən 133,1 mlrd. rubl az olub”.
 

Qubad İbadoğlu: 
Foto: Meydan TV

İqtisadçının fikrincə, neftin dünya bazar qiymətinin 100 dolları ötməsi fonunda əlavə neft gəlirlərində müşahidə olunan azalmanın səbəbini Rusiya Maliyyə Nazirliyi izah etməsə də, məlumdur:

"Belə vəziyyət satışların azalması və qiymət fərqi ilə əlaqədadır. Belə ki, Maliyyə Nazirliyinin əvvəllər dərc etdiyi məlumatlardan məlum olur ki, aprel ayında Rusiyanın "Urals” neftinin qiyməti "Brent” markalı neftin qiymətindən təxminən 33 faiz aşağı olub. Beləliklə də, ötən ay üzrə Rusiyanın federal büdcəsinin gəlirlərinin formalaşmasında proqnozdan kənarlaşma rekord 302 milyard rubl təşkil edib. Maliyyə Nazirliyi bunu böhrandan əvvəlki proqnozla müqayisədə qaz ixracının aşağı düşməsi, habelə ƏDV rejimi üzrə mədaxilin aşağı dinamikası ilə əlaqələndirib”.

Qubad İbadoğlu deyir ki, çoxu sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərinin böyük olmadığını düşünür: "Bu, doğru deyil. Təsirlər böyükdür və bu, hələ başlanğıcdır. Rusiya düşdüyü bataqlıqdan hələ 10 illərlə çıxa bilməyəcək. Hər şey heç də göründüyü kimi yaxşı və sadə deyil”.

Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketində Rusiya neftinə qadağa qoyulması təklif edilib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, bu, asan olmayacaq, amma Rusiya neftinə qadağa qoyulması üzərində işlənməlidir:

"Biz əmin olacağıq ki, iqtisadiyyatlarımıza təsirini minimuma endirməklə, Rusiya neftindən imtinanı nizamlı şəkildə apararıq. Rusiyaya təzyiqi maksimum dərəcədə artıracağıq”.

Rusiya 2021-ci ildə ümumi neft ixracından yarım trilyon (500 milyard) dollar gəlir götürüb. Bu vəsaitin 110 milyard dollarlıq hissəsi xam neft, 70 milyard dollarlıq hissəsi isə neft məhsulları ixracından əldə edilib.

İqtisadçı Fərid Mehralızadə deyir ki, bu baxımdan götürəndə Rusiya neftindən imtina bu ölkənin ixrac gəlirlərinin yarısının əldən çıxması deməkdir.


Fərid Mehralıyevin şəxsi arxivindən

Rusiyanın gündəlik 4,7 milyon barel xam neft ixracının təxminən yarısı Avropa İttifaqı (Aİ) ölkələrinə gedir.

Avropa İttifaqı ölkələri isə öz növbəsində Rusiyadan neft idxalını azaltmağın yollarını axtarır. Səbəb Rusiyanın fevralın 24-dən bu yana Ukraynaya hərbi müdaxiləsidir. Həmin gündən bu yana Avropa ölkələri, eləcə də Amerika Rusiyaya qarşı müxtəlif maliyyə sanksiyaları tətbiq ediblər.

Məqsədləri Rusiyanı dalana dirəmək və müharibəni maliyyələşdirməsinə əngəl olmaqdır.

İndi də Rusiyadan neft idxalını azaltmaq müzakirə edilir. Lakin hələlik heç bir ölkədən Rusiya neftindən imtina və ya idxalı azaltma ilə bağlı rəsmi açıqlama gəlməyib.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin araşdırmasına görə, müharibə başlayandan bu yana Avropa Rusiyaya neft üçün 14 milyard avro (14,94 milyard dollar) ödəyib.(Meydan TV)