Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

21-05-2022 13:51 / Bu xəbər 2142 dəfə oxundu

"Gazprom” Finlandiyanın "Gasum” şirkətini mayın 21-dən etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib.

Bu barədə "Gasum”un rəsmi məlumatında deyilir.

Finlandiya qaz çatışmazlığını Estoniyadan gələn "Balticconnector” qaz kəməri ilə kompensasiya etmək niyyətindədir.

"Gasum” Rusiyanın tələbi ilə qazın rublla ödənilməsinə keçməkdən imtina edib və arbitrajda buna etiraz etmək niyyətindədir.

"Reuters” yazır ki, Finlandiyanın Rusiyadan idxal etdiyi qaz ölkənin enerji istehlakının yalnız beş faizini təşkil edir.

Rusiya "dost olmayan” ölkələrdən aprelin 1-dən əvvəllər bağlanmış müqavilələrə görə ödənişlərin rublla aparılmasını tələb edib.

Bolqarıstan və Polşa artıq təklif olunan sxem üzrə qazın pulunu ödəməkdən imtina edib, bundan sonra bu ölkələrə tədarük dayandırılıb.

Rusiya hökumətinin məlumatına görə, Rusiya qazını idxal edən şirkətlərin təxminən yarısı artıq qazın pulunu rublla ödəmək üçün "Gazprombank”da hesab açıb.

Rusiyanın Avropa ölkələrinə qaz satışından əldə etdiyi gəlir 2022-ci ilin sonuna kimi 100 milyard dollar proqnozlaşdırlır.

Paris Siyasi Tədqiqatlar İnstitutunun professoru Thierry Brosun sözlərinə görə, Aİ ölkələri sanksiyalara və embarqo tətbiq etmək vədlərinə baxmayaraq, "Gazprom”a gündə 200 milyon dollar ödəyir.