Rusiya müdafiəyə nə qədər pul ayırır?

Rusiya müdafiəyə nə qədər pul ayırır?

04-10-2021 17:26 / Bu xəbər 1319 dəfə oxundu

Rusiya 2022-ci ildə müdafiə sahəsinə 3,5 trilyon rubldan çox pul xərcləməyi planlaşdırır. 

Novator.az saytının məlumatına görə, bu rəqəm Rusiyanın RBK telekanalının reportajında açıqlanıb. 

Reportajda deyilir ki, 3,5 trilyon rubl Rusiyanın gələn il üçün proqnozlaşdırılan ümumi daxili məhsulunun 2,6%-i, ölkənin ümumi büdcə xərclərinin 15%-i deməkdir.

Rusiyanın 2022-ci il üzrə büdcə xərclərinin ən böyük hissəsi (5,8 trilyon rubl) sosial siyasətin payına düşür.

Milli iqtisadiyyata müdafiə xərclərindən bir qədər az – 3,46 trilyon rubl sərf olunması nəzərdə tutulur.

Müdafiə xərclərinin böyük hissəsinin təyinatı məxfi saxlanır.

RBK kanalı müdafiə xərclərinin büdcə layihəsinin milli müdafiəyə aid bölməsində göstəriləndən daha artıq olduğunu bildirir. Məsələn, layihədə Müdafiə Nazirliyinin rabitə və informatikanın inkişafına sərf edəcəyi xərclər iqtisadiyyat bölməsinə, keçmiş hərbçilərə ödənəcək pensiyalar isə sosial siyasət bölməsinə daxil edilib.

Büdcədə gələn il elektron bazanın gücləndirilməsi, radoelektronika sənayesinin inkişafı, elektronika istehsalı sahəsində elmi-tədqiqat işlərinin aparılması üçün yerli şirkətlərə əlavə subsidiyalar ayrılması da planlaşdırılır.

Rusiyanın baş naziri Mixail Mişustin 2022-ci il üzrə federal büdcə layihəsinin Dövlət Dumasının müzakirəsinə təqdim olunması haqda sərəncamı ötən ayın sonlarında imzalayıb.