Rusiya: "Odla oynamayın"

Rusiya:

03-03-2021 17:51 / Bu xəbər 1465 dəfə oxundu

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib. 

"Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib.

Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və "Farmkontrakt" təsisatlarını misal göstərmək olar. 

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məsələ barəsində açıqlama verərkən deyib ki, "sanksiyalar məqsədinə çatmayacaq".

Rusiyanın XİN rəsmisi Mariya Zaxarova isə sanksiyaları "Rusiyaya qarşı düşmən hərəkəti” adlandırıb.

"Bu, bizim daxili işlərimizə aşkar müdaxiləni davam etdirməyə bəhanədir və bunu qəbul etməyəcəyik, milli maraqlarımızı davamlı şəkildə və qətiyyətlə müdafiə edəcəyik. Partnyorlarımızı odla oynamamağa çağırırıq”, - Zaxarova deyib.(toplum.tv)