Rusiya qazı Ermənistana Azərbaycandan keçəcək

Rusiya qazı Ermənistana Azərbaycandan keçəcək

17-03-2021 16:03 / Bu xəbər 1506 dəfə oxundu

SOCAR: "Rusiya Azərbaycandan xahiş edib”

"Şimali Qafqaz-Zaqafqaziya” qaz kəməri təmirə dayandığından Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən ixrac ediləcək.

Bu barədə "Qazprom eksport” məlumat yayıb.

Bununla bağlı martın 16-da Rusiyanın "Qazprom” şirkəti SOCAR-la qısamüddətli müqavilə bağlayıb.

"Müqaviləyə görə, "Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərinin Rusiyaya aid olan hissəsində təmir işləri aparıldığından Ermənistana mavi yanacaq Azərbaycanın Gürcüstan sərhədinədək olan ərazisindən keçərək veriləcək”, –"Qazprom eksport”un xəbərində belə deyilir.

Xəbərdə həmçinin qeyd olunur ki, təmir işləri təxminən üç həftə çəkə bilər. Onlar başa çatdıqdan sonra qaz əvvəlki marşrutla (Rusiya-Gürcüstanın sərhədindən keçərək) veriləcək.

Məsələ ilə bağlı SOCAR da açıqlama yayıb.

Açıqlamada bildirilir ki, "Şimali Qafqaz-Zaqafqaziya” magistral boru kəmərində müvəqqəti təmir getdiyindən Rusiya müraciət edərək, qazın Azərbaycandan Gürcüstana tranzit olunması ilə bağlı xahiş edib: "Nəticədə Rusiya qazının ödəniş qarşılığında müvəqqəti olaraq Azərbaycandan keçməklə Gürcüstana verilməsi barədə razılığa gəlinib”.