Rusiya səfiri: "Aİ missiyası Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır"

Rusiya səfiri:

30-08-2024 16:51 / Bu xəbər 882 dəfə oxundu

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iddia edir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Bakı və Moskva əleyhinə məlumat toplayır.

Diplomat bu barədə "ria.ru” saytına müsahibə verib.

Onun sözlərinə görə, Qərbin müxtəlif ölkələrin və regionların işlərinə müdaxiləsi heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb: "Onların Cənubi Qafqazda əsas məqsədləri uzunmüddətli və davamlı sülhə nail olmaq deyil, Rusiyanı sıxışdırıb çıxarmaq, regionumuzda süni parçalanma xətləri yaratmaq və son nəticədə Avrasiyada inteqrasiya proseslərinə xələl gətirməkdir. Bu məqsədə çatmaq üçün Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən Kiyev rejimi kimi marionet hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Bu cür müdaxilələrə misal olaraq Ermənistanda Avropa İttifaqının hazırkı müşahidə missiyasını göstərmək olar. Kanadadan "ekspert”in qoşulması ilə missiya faktiki olaraq şübhəli məqsədləri olan NATO əməliyyatına çevrilib. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini, həmçinin Ermənistanın və Azərbaycanın onların üzrəində nəzarətinin olmadığını təsdiqləyir. Əslində, missiya Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır”.

Mixail Yevdokimovun fikrincə, Ermənistanın indiki xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur: "Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq, bir qayda olaraq, yaxşı heç nəyə gətirib çıxarmır”.

"Biz əminik ki, Cənubi Qafqazda istənilən problem kənar müdaxilə olmadan region dövlətlərinin özləri tərəfindən həll edilməlidir. "3+3” məsləhətçi regional platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu baxımdan faydalıdır. Hazırda onun xarici işlər nazirləri səviyyəsində növbəti görüşünün vaxtı razılaşdırılır”, – deyə diplomat əlavə edib.

Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına gəlincə, səfir bildirib ki, tərəflərin rəsmi bəyanatlarına əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi praktiki olaraq razılaşdırılıb: "Prezident Vladimir Putinin dövlət səfəri zamanı vurğuladığı kimi, Rusiya onun imzalanmasına töhfə verməkdən məmnun olardı. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, çünki bu, Cənubi Qafqazda davamlı sülh və firavanlığa nail olmaq yolunda mühüm addım olardı. İki tərəf arasında aparılan danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olması vacibdir. Gələcək sazişlə bağlı razılığa gəlməkdən əlavə, biz nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasından, sərhədin delimitasiyası və demarkasiyasından, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulmasından gedir”.

Azərbaycan-Rusiya ticarət dövriyyəsinə toxunan Yevdokimovun sözlərinə görə, 2019-cu ildən 2023-cü ilə qədər olan son beş il ərzində qarşılıqlı ticarət dövriyyəsi təxminən iki dəfə artaraq ötən ilin sonunda 4 milyard dolları ötüb: "Bu ilin yanvar-iyul aylarının statistikasına nəzər salsanız, əminliklə deyə bilərik ki, ticarət-iqtisadi əlaqələrin artması istiqamətində ümumi tendensiya davam edir: ticarət dövriyyəsi daha 5 faiz artaraq yeddi ayın sonunda 2 milyard 573 milyon dollara çatıb. Ümid edirik ki, ilin sonuna qədər 4,5 milyard dollara çatacağıq, bəlkə də daha yüksək”.

Diplomat həmçinin deyib ki, Rusiya və Azərbaycanda təsərrüfat subyektləri qarşılıqlı hesablaşmalarda getdikcə daha çox milli valyutalarımıza keçirlər: "Əgər 2023-cü ildə onların payı 58 faiz idisə, bu ilin iyul ayına qədər bu, 73 faizi ötüb. Bu isə dövlətlərin suverenliyini təmin edən obyektiv tələb olunan prosesdir, xarici qüvvələrin heç bir xəcalət çəkmədən, beynəlxalq hüquqa məhəl qoymadan qeyri-qanuni sanksiyalarla təzyiq göstərməyə çalışdığı bir prosesdir”.

Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılaraq Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bildirilib.

XİN-nin yaydığı məlumatda deyilirdi ki, missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib: "Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən "binokl diplomatiyası”nın agentinə çevrildiyi vurğulanıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanafobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib”.

2023-cü ilin fevralın 20-də Avropa İttifaqının 100 nəfərdən ibarət yeni missiyası iki illik mandatla Ermənistana gəlib.

Missiyanın məqsədinin sərhədyanı ərazilərdə sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək olduğu bildirilir.