Rusiya sərhədçiləri Ermənistanı tərk edib

Rusiya sərhədçiləri Ermənistanı tərk edib

01-08-2024 15:37 / Bu xəbər 545 dəfə oxundu

Proses Zvartnotsda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) onlarla zabiti üçün keçirilən vida mərasimi ilə başa çatıb. 

Ermənistan Sərhəd Qoşunlarının yeni təyin olunmuş komandanı Edqar Hunanyan mərasimdəki çıxışında onlara xidmətlərinə görə təşəkkür edib. 

Onun sözlərinə görə, erməni tərəfi "Rusiya sərhədçilərinin 32 ildən artıq birgə xidmət zamanı əldə etdiyi təcrübə və bacarıqlardan” istifadə edəcək.

Rusiyanın Yerevandakı müvəqqəti işlər vəkili Maksim Seleznyov çıxışı zamanı bildirib: "Sizin həmişə nəzərə çarpmayan, lakin çox zəruri işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinə mühüm töhfə verib”.

Mayda Paşinyanla görüşündə Putin Rusiya qoşunlarını və sərhədçilərini Ermənistanın Azərbaycanla sərhədindən geri çəkməyə də razılaşıb. 

Onlar 2020-ci ildə Dağlıq Qarabağda müharibə zamanı və ondan sonra Yerevanın xahişi ilə oraya yerləşdiriliblər. 

Sərhədçilər Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qorumağa davam edəcək.

Rusiyanın Cənubi Qafqaz ölkəsində də hərbi bazası var.

Paşinyan indiyədək belə planlarının olmadığını bildirsə də, o, ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurub və Avropa Birliyinə üzv olmaq istəyini istisna etməyib.(Meydan TV)