Rusiya Ukraynanın işğalına başladı

Rusiya Ukraynanın işğalına başladı

24-02-2022 10:45 / Bu xəbər 1074 dəfə oxundu

Nazir: "Şəhərlərə raket zərbələri endirilir, yüzlərlə ukraynalı artıq ölüb”

Rusiya Ukraynaya raket zərbələri endirməyə başlayıb.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko Rusiyanın işğala başladığını təsdiqləyib. 

O, "Facebook” səhifəsində yazır ki, indicə Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, Xarkov və Dineprin hərbi mərkəzlərinə, anbarlarına, hava limanlarına raket hücumları olub:

"Sərhəddə isə artilleriya atəşi davam edir. Bu gündən etibarən dünyada yeni geosiyasi reallıq var. Ya Ukrayna və dünya yeni Hitleri dayandıracaq, ya da üçüncü dünya müharibəsi olacaq”.

Anton Geraşenko xalqa müraciətlə bildirib ki, Rusiyada dostları, sevdikləri olanlar onlara zəng etsinlər, video-görüntülər göndərsinlər və susmamalarını tələb etsinlər: "Artıq Ukraynaya minlərlə raket atılıb. Yüzlərlə ukraynalı ölüb. Bu, minlərlə olacaq”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Rusiyanın Ukraynaya "tammiqyaslı müdaxiləsini” təsdiqləyib.

"Putin indicə Ukraynaya genişmiqyaslı işğala başlayıb. Ukraynanın dinc şəhərləri tətillərə məruz qalıb”.

Nazir bunu "işğalçı müharibə” adlandırıb. Bildirib ki, Ukrayna özünü müdafiə edəcək və qalib gələcək: "Dünya Putini dayandıra bilər və etməlidir. İndi hərəkət etmək vaxtıdır”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Rusiyanın hazırkı hərəkətilə bağlı Putinə birbaşa müraciət edərək deyib: "İnsanlıq naminə qoşunlarınızı Rusiyaya qaytarın”.

2017-ci ildən Baş katib vəzifəsini icra edən Quterreş əlavə edib: "Bugünkü hərəkətlər "işlədiyim müddətdə ən kədərli məqamdır”.

Ukrayna rəsmiləri bildirirlər ki, rus qoşunları artıq Odessaya girib. Digərləri isə Xarkovla sərhədi keçib.

Olay yerində olan "Guardian” müxbiri Peter Beaumont bildirib ki, baş verənlər Rusiyanın məhdud əməliyyatı olmaqdan uzaqdır: "Görünən odur ki, cənub-qərbdə Odessadan sahil boyu şərqə Mariupola, Xarkovdan şimala və nəhayət, Kiyevə qədər geniş bir çərçivədə müxtəlif növ hərbi əməliyyatlar keçirilir. İndiyədək bildirilən məlumatlarda hücumların raket zərbələri ilə olduğu deyilirdi. Hazırda isə bir çox yerdə, xüsusən Xarkovda sərhədi keçən qoşunlar haqqında təsdiqlənməmiş məlumatlar gəlir”.

Donbas separatçıları Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Ondan yardım istəyiblər.

TASS Xəbər Agentliyi yazır ki, Putin də cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarını verdiyini bildirib. 

Deyib ki, məqsədi Kiyev rejimi tərəfindən sui-istifadəyə, soyqırıma məruz qalan insanları qorumaqdır.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan "Donetsk Xalq Respublikası” ("DXR”) və "Luqansk Xalq Respublikası” ("LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Putin çıxışında bildirib ki, NATO təhlükəsizlik razılaşmaları və qarantiyalarına əməl etmir.(Meydan TV)