Rusiya və OPEC Meksikanın təzyiqi ilə neft sazişinin şərtlərini dəyişdirdi

Rusiya və OPEC Meksikanın təzyiqi ilə neft sazişinin şərtlərini dəyişdirdi

13-04-2020 14:56 / Bu xəbər 1050 dəfə oxundu

Meksika öz "kozır”ından itifadə edib

Neft bazarındakı "qiymət müharibəsi” görünməmiş bir razılaşma ilə başa çatıb. 

OPEC ölkələri, Rusiya və digər neft hasil edən dövlətlər tarixdə hasilatın ən böyük azalması barədə razılığa gəliblər. Meksikanın "sazişi bloklamaq” hədəsi nəticəsində cümə axşamı günü razılaşdırılmış müqavilənin şərtləri dəyişdirilməli olub.

Arqument.az "Reuters"ə istinadən xəbər verir ki, OPEC, Rusiya və OPEC+ qrupunu təşkil edən digər neft istehsal edən ölkələr may və iyun aylarında qiymətləri qorumaq məqsədilə gündəlik neft hasilatını 9,7 milyon barrel azaltmaq barədə razılığa gəliblər. 

Bu, hasilatın rekord həddə azalması olsa da (qlobal neft tədarükünün 10% -i), əvvəlcədən razılaşdırılmış həcmdən azdır. Belə ki, dörd gün əvvəl OPEC+ ölkələrinin əksəriyyəti hasilatı gündəlik 10 milyon barrel azaltmaq barədə razılığa gəlmişdilər.

Meksika yeganə ölkə olaraq təklif olunan kvotaları dəstəkləmədi, bütün razılaşmanı risk altına qoydu. Kvotaların mütənasib paylanması vəziyyətində, Meksika hasilatı gündəlik 400 min barel azaltmalı idi. Lakin Meksika hasilatı maksimum 100 min barel azaltmağa hazır olduğunu bildirib və onun üzərinə müəyyən olunmuş kvotaya etiraz olaraq  videokonfrans rejimindən çıxıb.

Bundan sonra neft qiymətləri və hasilatın azalmasına dair müzakirələr G20 formatında davam etdirilib.
 
Rusiyanın energetika naziri Aleksandr Novak, danışıqlardan sonra OPEC+ ölkələrinin hasilatı gündəlik 10 milyon barrel, Kanada, ABŞ, Norveç, Argentina və əvvəllər OPEC+ sazişlərində iştirak etməyən digər ölkələr isə birlikdə 5 milyon barrel azaldacaqlarını söyləyib. 

Meksika ilə danışıqları həftəsonu Səudiyyə Ərəbistanı davam etdirib. Latın Amerikası dövləti danışıqlarda öz "kozır”ından istifadə edib. Belə ki, Meksika hökuməti, Wall Street-də neftin qiymətinin düşməsindən özünü sığortalayıb ki, bu da danışıqlarda şərtlərini diktə etməyə imkan verib.

20 ildir ki, Meksika hər il kiçik investisiya fondları və neft şirkətlərindən neft satmaq üçün put opsionlar (put option) alır.
 
"Bloomberg"in məlumatına görə, bunlar Wall Street-də ən böyük və ən gizli neft sövdələşmələrindəndir. Meksika bu əməliyyatları dövlət sirri elan edib. 

Put opsion sığorta polisinin bir ekvivalentidir və Meksikaya öz neftini müəyyənləşdirilmiş müddət ərzində əvvəlcədən müəyyən edilmiş qiymətə satmaq hüququnu verir. Qiymətlər aşağı düşsə belə, Meksika müqavilədə göstərilən məbləği alacaq.

Danışıqların nəticəsi olaraq Meksika, istədiyi kimi, hasilatı gündəlik 100 min barel azaldacaq. Sazişin baş tutması üçün ABŞ, Braziliya və Kanada töhfə veriblər – onlar birlikdə hasilatın gündəlik 3,7 milyon barrel azaldılmasına razılıq veriblər. 

Nizami Bağırov