Rusiyada etirazçılar "susduqlarına görə" həbs edilirlər

Rusiyada etirazçılar

22-03-2022 15:07 / Bu xəbər 2113 dəfə oxundu

Moskvada etirazçı "***** *****" (üç və beş ulduz) plakatına görə 50 min rubl cərimələnib

Moskvanın Tver Rayon Məhkəməsi Dmitri Reznikovu "***” plakatı qaldırdığına görə Rusiya silahlı qüvvələrini "diskreditasiya” (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi - gözdənsalma, inam və etimadı sarsıtma) maddəsi ilə 50 min rubl cərimələyib. 

Bu barədə "OVD-İnfo” məlumat yayıb.

Reznikov martın 13-də Moskvada müharibə əleyhinə keçirilən piketlər zamanı saxlanılıb. 

O, Manejnaya meydanından bir qədər aralıda heç bir söz olmayan plakatla dayanıb: birinci sətirdə cəmi üç ulduz, ikincidə isə beş ulduz olub.

Bildirilir ki, 3 və 5 ulduzun mənası "müharibəyə yox" ("Нет войне!") deməkdir. Amma Reznikov heç bir sözdən istifadə etməyib. 

Tomskda məhkəmə yerli sakin Taras Kuznetsovu müharibə əleyhinə mitinqə "səssiz dəstək” verdiyinə görə 30 min rubl cərimələyib.

Məlumatı hüquq müdafiəçiləri yayıblar. O həm də Rusiya ordusunu "diskreditasiya” maddəsi ilə təqsirli bilinib.

Qərarda qeyd olunur ki, Kuznetsov aksiyanı -  "sakit dəstəyini” qeyri-qanuni keçirib. 

Bundan əvvəl Tomsk şəhərinin başqa bir sakini - Stanislav Karmakski müharibə əleyhinə piketin "səssiz dəstəklənməsi” ilə bağlı məhkəmənin qərarı ilə 45 min rubl cərimələnmişdi. 

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.