Rusiyada jurnalist 22 il azadlıqdan məhrum edilib

Rusiyada jurnalist 22 il azadlıqdan məhrum edilib

06-09-2022 12:48 / Bu xəbər 980 dəfə oxundu

O, dövlətə xəyanətdə ittiham olunur

Moskva Şəhər Məhkəməsi sentyabrın 5-də "Kommersant” və "Vedomosti” qəzetlərinin keçmiş əməkdaşı İvan Safronovu dövlətə xəyanət ittihamı ilə 22 il azadlıqdan məhrum edib.

Məhkəmə hökmündə qeyd olunur ki, jurnalist cəzasını ciddi rejimli koloniyada çəkəcək.

İ.Safronov 500 min rubl cərimə də olunub.

"Euronews” vəkillərin apelyasiya şikayəti verdiyini yazıb.

"Qanunsuz, əsassız və sərsəm ifadələr hamımızın şahidi olduğumuz bütün absurdları belə, əks etdirə bilməz. İvan Safronova jurnalist fəaliyyətinə görə 22 il cəza verilib. İndi mənə baxan hər kəs, ümumiyyətlə, bu sual üzərində düşünməlidir ki, bu peşədə qalmağa dəyərmi?”, – deyə vəkil Dmitri Kaçev bildirib.

Dövlət ittihamçısı İ.Safronovun 24 il müddətinə azadlıqdan məhrum edilməsini və yarım milyon rubl cərimələnməsini istəmişdi.

2 il əvvəl həbs edilən jurnalist Çexiya və Almaniya kəşfiyyat xidmətlərinə məxfi məlumatları ötürməkdə ittiham olunurdu.

İttiham tərəfinin sözlərinə görə, təhvil verilən sənədlər Rusiya silahlarının ixracı və Rusiya qoşunlarının Suriyadakı hərəkətləri ilə bağlı olub.

İ.Safronov jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirirək təqsirli olduğunu rədd edib.