Rusiyada müxalif siyasətçi məhkəməyə qədər həbsdə qalacaq

Rusiyada müxalif siyasətçi məhkəməyə qədər həbsdə qalacaq

02-06-2021 14:29 / Bu xəbər 917 dəfə oxundu

Rusiyalı müxalif siyasətçi Dmitri Qudkov axtarışdan sonra "dələduzluq və ya etibardan sui-istifadə yolu ilə ziyan vurmaq” maddəsi ilə açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. 

"Svoboda.org"-un verdiyi məlumata görə, o, məhkəmə barəsində qəti-imkan tədbiri seçənədək müvəqqəti saxlanma təcridxanasında qalacaq. 

Cinayət məcəlləsinin həmin maddəsinə görə Qudkovu beş ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Siyasətçinin xalası İrina Yermilova da eyni iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Rusiya KİV-inin məlumatına görə, cinayət işi 2015-ci ildə Moskva meriyasından icarəyə götürülən qeyri-yaşayış yerinə görə ödənilməyən borc səbəbindən açılıb. 

Siyasətçinin atası, Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov jurnalistlərə bildirib ki, söhbət Soljenitsın küçəsində yerləşən zirzəmidən gedir, istintaqın iddiasına görə, onun oğlunun bir neçə milyon rublluq borcu yaranıb. 

Gennadi Qudkov iddia edir ki, icarədar şirkət çoxdan iflas edib, yer Moskva meriyasına qaytarılıb, oğlu isə hansısa borcunun olmasını dünən səhər bilib.

Qudkovlar cinayət işinin siyasi motivlərlə açıldığını iddia edirlər. 

Onlar bütün bunların sentyabrda keçiriləcək parlament seçkilərində Dmitri Qudkovun iştirakını əngəlləmək üçün hazırlandığına əmindirlər.