Rusiyada təhsil alan həkim Azərbaycanda incidildiyini deyir

Rusiyada təhsil alan həkim Azərbaycanda incidildiyini deyir

17-01-2022 13:58 / Bu xəbər 537 dəfə oxundu

"Mənim vəziyyətimdə olan gənclər çoxdur, bizim müraciətlərimiz nəticə vermir”

"Rusiyada mamaça-ginekoloq ixtisasını bitirmişəm. Azərbaycan Səhiyyə Nazirliyi diplomumu tanıyır, lakin ixtisasımı tanımır ki,  öz sahəm üzrə işləyim”.

Bunu Meydan TV-yə müraciət edən 29 yaşlı Fəridə Tofiq qızı Rəşidzadə deyib. 

Onun sözlərinə görə, 2011-ci ildə Rusiyanın Saranski şəhərində Oqoryov adına Mordoviya Dövlət Universitetinin tibb fakültəsinə qəbul olub, 2019-cu ildə universiteti bitirib.

"Mamaça-ginekoloq ixtisasını bitirmişəm. Səhiyyə Nazirliyi diplomumu tanıyır, amma kliniki ordinatura (həkimlərin tibb universitetlərində və tibb elmi-tədqiqat institutlarında elmi ixtisaslarını artırma forması) diplomumu tanımır”, - şikayətçi deyib. 


Foto: Meydan TV

Fəridə Rəşidzadə bildirib ki, gənc həkim kimi Azərbaycanda işləmək istəyir, amma buna şərait yaradılmır: "Xaricə getmək istəmirəm. Qarabağda mütəxəssislərə ehtiyac olacaq, qalıb burda işləmək istəyirəm. Bölgələrdə həkim çatışmazlığı var, könüllü işləmək istəyənlər isə problemlə qarşılaşırlar. Mənim vəziyyətimdə olan gənclər çoxdur, bizim müraciətlərimiz nəticə vermir”.


Foto: Meydan TV

Şikayətçi onu da bildirib ki, atası Tofiq Rəşid oğlu Balakişiyev Birinci Qarabağ Müharibəsinin veteranıdır.

Səhiyyə Nazirliyindən Meydan TV-nin sorğusuna cavab verilməyib. 

Nazirliyin "qaynar xətt” xidməti isə yalnız müraciətlərin qeydə alındığını söyləməklə kifayətlənib.