Ruslan İzzətli hərbi xidmətə aparılır

Ruslan İzzətli hərbi xidmətə aparılır

22-05-2020 23:00 / Bu xəbər 1415 dəfə oxundu

D18 Hərəkatın sədri Ruslan İzzətli mayın 25-də hərbi xidmətə aparılacaq. 

Bunu "Turan"a bildirən Ruslan İzzətlinin sözlərinə görə, ona bu barədə bu gün, mayın 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdam Rayon Şöbəsindən məlumat verib. 

İzzətlinin onu hərbi xidmətə aparılmasını siyasi sifariş adlandırdı: "Mayın 4-də məni Ağdam hərbi komissarlığına çağırdılar ki, orada müayinədən keçim. Mayın 6-da isə Ağdam Mərkəzi Klinikasından tibbi müayinə barədə yekun akt aldım. Aktında hərbi biletimdə yazılmış diaqnoz, yəni böyrəyim xəstə olması öz təsdiqini tapdı. Mayın 8-də isə mən gördüm ki, işimin içində yazılan yekun akt dəyişdirilib. Yazılıb ki, mən sağlam adamam, sadəcə, hərdən ürək bulantılarım olub. Bakıda özəl klinikaların birində müayinədən keçəndə bilindi ki, 5 mm səviyyəsində bel yırtığım var və bu bel yırtığı sinir sistemini sıxır. Bu mənə nə çox bir yerdə oturmaq, nə də çox gəzmək imkanı verir. Həkimlər mənə təcili fizioterapiyadan keçmək lazım olduğunu bildirdilər və hərbi xidmətə aparılmağımın mümkünsüz olduğunu dedilər". 

İzzətli vurğuladı ki, vəkili bununla bağlı sənədlərini aidiyyatlı orqanlarına göndərdiyinə baxmayaraq onu hərbi xidmətə aparılması ilə bağlı qərar verilib: "Normalda mənim növbəti tibbi müayinədən keçməyim 2023-cü ildə olmalı idi. Çünki mən 8 ay əvvəl müayinədən keçmişəm, hərbi komissar da biletimə möhür vurub. Mən 31 yaşıma qədər hərbi xidmətə getməmişəm. Dövlət Təhlükəsizliyi Xidməti rayonlarda icra başçılarını tutur, korrupsiyaya qarşı mübarizə aparır. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini də yoxlasın, baxsın Arzu Rəhimov başda olmaqla, Xidmətin Ağdam Rayon Şöbəsinin rəhbəri Elxan Feyziyev necə oldu ki, 3 ildən bir hərbi biletimə möhür vurub. Deməli, pul alıb və rüşvətə bulaşıb. Sağlam olub getməmişəmsə, deməli, burada korrupsiya var. Yox, səhhətimdə problem varsa və bunu istənilən xəstəxanada yoxlamaq olur, onda məni hərbi xidmətə qanunsuz olaraq aparırlar. İstənilən halda qanun mənim tərəfimdədir. Görünür, hakimiyyətin mənə kini və nifrəti o qədər yüksəkdir ki, bu diaqnozla məni xidmətə aparır. Mən hərbi xidmətdən yayınmıram, bu Vətən üçün canım fəda. Amma insanlar bildi ki, mənim hərbi xidmətə aparılması siyasi qərardır və cəza müxanizmidir. Sanki bir illik siyasi məhbusam". 

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.