Rövşanə Rəhimova: "Güc portretləri - 2024" fotosərgisinin qəhrəmanı

Rövşanə Rəhimova:

13-10-2024 02:21 / Bu xəbər 728 dəfə oxundu

Norveç İnsan Hüquqları Evi Fondu (HRHF) insan hüquqları üzrə ixtisaslaşan azərbaycanlı vəkil Rövşanə Rəhimovanı bu ilki "Gücün portretləri” fotosərgisinin qəhrəmanlarından biri seçib.

Sərgi ilə bağlı məlumatda bildirilir ki, Rövşanə Rəhimova 10 ildən artıqdır qadın hüquqları və məişət zorakılığına qarşı mübarizə də daxil olmaqla insan hüquqlarının müdafiəsi, o cümlədən məişət zorakılığı qurbanlarının müdafiəsi ilə məşğul olur. 

O həmçinin Vəkillər Kollegiyasının üzvü kimi bir neçə siyasi məhbusun hüquqlarını müdafiə edir.

HRHF əsası 2014-cü ildə qoyulan və üçüncü dəfə keçirilən "Gücün Portretləri: İnsan Hüquqlarını Müdafiə edən Qadınlar” fotosərgisi vasitəsilə qadın hüquq müdafiəçilərinin işini qiymətləndirmək və təşviq etmək məqsədi güdür.

Rövşanə Rəhimova sərgi bağlı HRHF-ə müsahibəsində işinin xarakteri, qadın hüquq müdafiəçisi kimi qarşılaşdığı çətinliklər və Azərbaycanda insan hüquqlarının hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb.

"Peşəkar hüquqşünaslıq fəaliyyətim ərzində ölkəmizdə ən çox pozulan hüquqlardan birinin qadın hüquqlarının olduğunu anladım. Azərbaycan Qadın Vəkillər Alyansının bir hissəsi olmağım bu sahədə inkişafımda böyük rol oynadı və mənə qadınlara keyfiyyətli hüquqi yardım göstərməyimə imkan verdi”, - deyə Rövşanə Rəhimova müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, təşkilata üz tutan məişət zorakılığı qurbanlarının sayı artdıqca, özünü bu problemlə mübarizənin mərkəzində tapıb: "Bir qadın hüquq müdafiəçisi kimi mənə fərqli münasibət hiss edirəm və bəzən öz-özümə fikirləşirəm ki, qadın vəkilə olan rəftar budursa, gör məişət zorakılığının qurbanlarına olan rəftar nə ola bilər. Ancaq bu həm də ən böyük motivasiyadır, minlərlə insan bizə güvənir və ümidlərini bizə bağlayır”.

Rövşanə Rəhimova Azərbaycanda insan hüquqlarının vəziyyətinin ciddi şəkildə pisləşdiyini deyib.

O əlavə edib ki, siyasi motivli təqiblər əsasında həbs olunanlara, fəallara və jurnalistlərə kömək etmək əsas motivasiya qaynaqlarındandır: "Onların gücü, mübarizəsi bizi də ruhlandırır”.

Vəkil deyib ki, bəzən neçə nəfərin indi dəmir barmaqlıqlar arxasında olduğunun hesabını itirir. 

Hüquq müdafiəçisi və fəal Bəxtiyar Hacıyevin müdafiəsində iştirak etdiyini bildirən vəkil yeni həbslər baş verdikdən sonra vəkillər komandasının digər işlərlə məşğul olmaq üçün bölündüklərini bildirib.

2022-ci ilin dekabrında "xuliqanlıq” və "məhkəməyə hörmətsizlik” ittihamları ilə həbs edilsə də, sonradan ona qarşı "vergidən yayınma”, "qaçaqmalçılıq” və "qanunsuz sahibkarlıq” kimi çoxsaylı yeni cinayət ittihamları irəli sürülüb. 

Hacıyev ittihamların hamısını rədd edib, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ona qarşı məhkəmə təqibinin siyasi motivli olduğuna inanır.

Hacıyevlə yanaşı, Rövşanə Rəhimova hazırda tədqiqatçı İqbal Əbilov və iqtisadçı Fazil Qasımovun işini müdafiə etdiyini, bununla yanaşı "Abzas Media" jurnalisti Nərgiz Absalamova və "Toplum TV” işi üzrə həbs edilən İlkin Əmrahovun müdafiəsində iştirak etdiyini deyib.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları bu şəxslərin də işlərini siyasi motivli hesab edir. 

Rəsmi Bakı isə jurnalistlərə və fəallara qarşı cinayət təqiblərinin siyasi motivli olmasına dair ittihamlarla razılaşmır.

Rövşanə Rəhimli "yaxın 30 ildə ölkənizdə insan haqlarının hansı vəziyyətini görmək istərdiniz?” sualına cavab olaraq insan hüquqlarına daha çox dəyər verildiyini görmək istədiyini deyib: "İstərdim ki, insanlar artıq fərqli fikirlərə malik olduqlarına, öz sözlərini və fikirlərini açıq şəkildə ifadə etdiklərinə, fərqli olduqlarına, əks siyasi fikirlərə sahib olduqlarına görə cəzalandırılmasın”.

O həmçinin yaxın 20-30 ildə Azərbaycanın məişət zorakılığı və qadın hüquqları ilə bağlı qanunvericiliyinin İstanbul Konvensiyasına uyğunlaşdırılacağına ümid etdiyini deyib.