Rövşən Əkbərov həbs edildi

Rövşən Əkbərov həbs edildi

16-03-2021 12:42 / Bu xəbər 4057 dəfə oxundu

Səmayə Əliyeva: "Mən gecə yatanda oğlum yuxuma girir”

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunub. Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib. Bildirilib ki, onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Həbsin səbəbi, generala qarşı irəli sürülmüş ittihamlar və başqa detallar haqda hələlik məlumat verilməyib: "İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək”.

Araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində (keçmiş Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi) aparılır. 20 ilə yaxındır ki, bu idarədə Rövşən Əliyevin adı keçən cinayət işi vardı. Söhbət 2001-ci ilin yayında Ukraynanın partaxtı Kiyev şəhərində 29 yaşlı Elçin Əliyevin qətlə yetirilməsindən gedir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, elə həmin cinayət işi üzrə Rövşən Əkbərov martın 15-də təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının yerləşdiyi ərazi üzrə Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qərarı verilib.

Hələ 2001-ci ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazmışdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Elçin Əliyevin yaxınları ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər. Anası Səmayə Əliyeva bir neçə il öncə Meydan TV-yə müsahibəsində bildirmişdi ki, hətta prezidentin Qəbələ səfərində çətinliklə də olsa, ona yaxınlaşıb, şəxsən özünə məktubunu vermişdi.

"2002-ci ildə – Heydər Əliyevin vaxtında Sədərəyə çıxmışam. Orada ”yoldaş prezident” çığıranda ağzımdan tutdular, eşitmədi, çox boylandı, məni görmədi. Dedilər, Mehriban xanım Əlillər Evindədi, ora getdim, amma görə bilmədim. Dedilər, prezident gedir Sabirabada, mən də ora getdim, uzaqdan çağırdım, məni sürüdülər. Ilham Əliyev dedi, imkan ver, danışıb qurtarandan sonra səni qəbul edəcəm. Amma sözünü qurtarandan sonra getdi mindi maşına, yenə arxasınca qışqıra-qışqıra qaldım. Axırıncı dəfə Qəbələyə getdim. Heydər Əliyev parkının açılışında prezidentlə Mehriban xanım gələndə mən İlham Əliyevin əlindən yapışdım, ona yalvarmağa başladım, dedim ki, səni and verirəm getdiyin ziyarətgahlara, övladımın qatilini mənimlə üz-üzə qoyma, yaşaya bilmirəm. Qayıtdı ki, "ana, mən sənə kömək eləyəcəm”. Ukrayna prokurorluğunun məktubunu da verdim ona. Amma nəticəsi olmadı. Mən gecə yatanda oğlum yuxuma girir, deyir ki, "ana, yaramdan qan gəlir”. Mən hamıya yalvardım, dedilər ki, sənin işin prezidentlikdir. Axırda Fuad Ələsgərovun görüşünə getdim. O da dedi ki, mənlik deyil…”, - deyə Səmayə Əliyeva 2016-cı ildə müsahibəsində bildirmişdi.

Mərhum vəkil Elton Quliyev Elçin Əliyevin qətlilə bağlı cinayət işinin effektli araşdırılmaması, təqsirkarın cəzalandırılmamasıyla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə də ailənin şikayət göndərmişdi. Avropa Məhkəməsi 2014-cü ildə bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda da göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

Səmayə Əliyeva iddia edirdi ki, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov da generalın onun oğlunu öldürməsinin şahidi olub. Onlar restoranda üçü birlikdə olublar. Nazim İbrahimov həmin dövrdə Azərbaycanın Ukraynada səfiri idi: "Nazim Ibrahimov özü də bu işləri, Elçinin necə öldürüldüyünü yaxşı bilir. Bildiyimə görə, oğlum kafedə oturub, bir qədər sonra Rövşən Əkbərov da ora gəlib. Orada nəsə mübahisə düşüb. Mübahisədə oğlum kafedən çıxıb. Oğlum çıxıb maşının yanına çatanda hərbi bıçaqla ürəyindən vurulub və evinin yaxınlığında canını tapşırıb”.

Avropa Məhkəməsindən kommunikasiya mərhələsində Azərbaycana göndərilən sorğulara cavab verilmişdi ki, Rövşən Əkbərovun bu cinayətdə iştirakına dair sübut yoxdur.

Ötən 20 il ərzində Rövşən Əkbərova general-leytenant rütbəsi (2002) verilib, o, korpus komandiri (2011) təyin edilib. 56 yaşlı Rövşən Əkbərov 2020-ci ildə ehtiyata buraxılıb.

O, 1994-cü ilin oktyabrında mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.