"Rövşən Əkbərov işi" və Azərbaycan prokurorluq tarixinin üzqarası

17-03-2021 16:53 / Bu xəbər 4671 dəfə oxundu

Rüfət Səfərov,
Hüquqşünas
 

Azərbaycanda ictimai həyatın təşkili, adamların davranışlarının tənzimlənməsi prosesində obyektiv və subyektiv hüquqdan, qüvvədə olan qanunvericilik aktlarından daha çox "mafiya qanunları”, "oğru normaları” işləkdir. 

Acı gerçəklik budur ki, ölkəmizdə hüququ yalnız dövlət və onun normativ hüquqi aktları sanksiyalaşdırmır, davranış qaydaları hamı üçün ümumməcburi deyildir. Əksinə, bir qrup qanunazidd dəstənin təyin etdiyi normalar yeriyir. 

Cinayət məsuliyyətinin prinsiplərinin tualet kağızı qədər dəyəri yoxdur, məsələn, hamı qanun qarşısında bərabər deyil: adamlar əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara mənsubiyyətindən asılı olaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

Ən pisi odur ki, Azərbaycanda əməlin  cinayət sayılmasını və həmin əmələ görə cəzanı, habelə, hərəkətin, ya da hərəkətsizliyin ictimai təhlükəli, təqsirli sayılmamasını təkcə cinayət qanunvericiliyi yox, bir neçə nəfər yüksəkrütbəli vəzifəli şəxsin, misalçün, dövlət başçısının, baş prokurorun, daxili işlər nazirinin, ədliyyə nazirinin  şəxsi iradəsi də təyin edir. 

Bu, necə olur?

Uzağa getməyəcəm, elə Baş Prokurorluğun bugünkü rəsmi məlumatının ətrafında fikrimi əsaslandırmağa çalışacağam:

Açıqlamada yazılır ki, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Bundan sonra üzQARAsənın dəstəsi guya bir sıra istintaq hərəkətləri aparsa da təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. Halbuki təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs-general-leytenant Rövşən Əkbərov Ordu korpusuna komandirlik edirdi, tam toxunulmaz surətdə min hoqqadan çıxırdı, yeni-yeni cinayətlər törədirdi, üzQARAsı da onu görəndə farağat dayanırdı. 

Sadəcə, Azərbaycan prokurorluq tarixinə üzQARAsı olan Zakirin hüquqi iradəsi, təşəbbüskarlıq imkanları yox idi ki, zərəçəkmiş şəxsin hüquqi varislərinin fasiləsiz müraciətlərini, eləcə də Ukrayna Respublikasının prokurorluq orqanlarının istintaq məlumatlarını və s. nəzərə alıb, obyektiv, hərtərəfli və tam ibtidai araşdırmanın təmin edilməsindən ötrü göstəriş versin.

ÜzQARAsının xələfi Kamran Əliyev bu günlərdə "yatıb və yuxuda görüb ki, heç demə 20 il öncə Kyevdə qətlə yetirilən Elçin Əliyevin qatili Bakı şəhərində sərbəst gəzir”, ona görə də cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib, həmin cinayətin Rövşən Əkbərovun tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qardaş qırğınında canfəşanlıq etdiyinə görə milli qəhrəman adına layiq bilinən Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əkbərovu on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə gözləyir...

Doğrudur, Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədikdə bu, cinayət təqibi üzrə icraatın dayandırılması üçün əsaslardan biridir. Həmin  Məcəllənin  53.3.1-ci maddəsinin tələbinə görə  təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədikdə xüsusilə ağır cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından  2 ay keçdikdə icraat dayandırılır.

Şübhə etmirəm ki, ciddi istintaq hərəkətləri etməyə, mötəbər dəlillərin, sübutların toplanmasına, təqsirləndirilən şəxs(lər)in dairəsinin müəyyən edilməsinə meyilli olmayan istintaqçılar cinayət təqibi üzrə icraatın dayandırılması barədə formal qərar qəbul ediblər.

Belədə üzqarası Zakirdən və onun xələfi Kamran Əliyevdən soruşuram:

1. 18 il ərzində təqsirləndirilən şəxsin müəyyən edilməsinə nə ehtiyac var idi? Bir halda ki zərəçəkmiş şəxsin hüquqi varisləri bar-bar bağırırdı, oğullarının qatilini göstərirdilər? Heç həmin müraciətlərə tam hüquqi qiymət vermisiniz? 

2. Özünüzün yaydığı rəsmi məlumatdan oxuyuruq ki, Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib. Həmin şübhəli şəxsin Rövşən Əkbərov olduğu sizə bəlli deyildi?

Əlbəttə, sadəlövh olarıq, əgər inansaq ki, sizə bəlli deyildi, sadəcə, sərbəst hüquqi iradəniz yox idi, ali icra hakimiyyəti orqanından direktiv gözləyirdiniz, üzərinizə düşən qanuni öhdəlikləri icra etmirdiniz!

Odur ki, təkcə Rövşən Əkbərov yox, eləcə də Baş Prokurorluğun indiki və keçmiş rəhbərliyi də məsuliyyət daşıyır-ən azı işə vicdansız və ya laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyiblər və ya lazımi qaydada yerinə yetirməyiblər, üstəlik, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.