Saakaşvili Gürcüstan siyasətinə qayıtmağı planlaşdırır

Saakaşvili Gürcüstan siyasətinə qayıtmağı planlaşdırır

08-09-2020 15:23 / Bu xəbər 1829 dəfə oxundu

Keçmiş prezident Baş nazir ola bilər

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gələn ay keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə Baş nazir olacaq. Bununla da ölkənin inqilabi liderinin sürgündən dramatik dönüşü mümkün olacaq, - "Bloomberg” xəbər verir.

Birləşmiş Millətlər Hərəkatı (UNM) və digər 10 partiya Saakaşvilinin 31 oktyabr seçkilərində namizədliyini dəstəkləməyi və onların bloklarına rəhbərlik etməyi qəbul edib. Bu barədə bazar ertəsi paytaxt Tbilisidə təşkil edilən mətbuat konfransında UNM partiyasının sədri Qriqol Vaşadze bildirib.

Saakaşvili 2003-cü il inqilabında keçmiş lider Eduard Şevardnadzeni devirərək hakimiyyətə gəlmişdi. 2013-cü ilə qədər iki dövr prezident olan Saakaşvili parlament seçkilərində ölkənin ən varlı adamı milyarder Bidzina İvanişvili tərəfindən qurulan Gürcü Arzusu Partiyasına uduzduqdan sonra vəzifəsindən gedib.

Yeni hökumət Saakaşvilini prezidentliyi dövründə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb və prokurorluq ona qarşı bir sıra ittihamlar irəli sürdüyü üçün Saakaşvili ölkədən qaçmalı olub. 2015-ci ildə Gürcüstan vətəndaşlığından məhrum edilən Saakaşvili ittihamları rədd edir.

Beynəlxalq Respublikaçılar İnstitutunun 4 iyun - 2 iyul tarixlərində 1500 gürcü arasında keçirdiyi sorğuya əsasən, UNM və Birləşmiş Müxalifət 16 faizlə ikinci sıradadır. İlk sırada Gürcü Arzusu gəlməkdədir.///Meydan.Tv