Saakaşvili Gürcüstan siyasətindən gedir

Saakaşvili Gürcüstan siyasətindən gedir

01-08-2022 14:48 / Bu xəbər 502 dəfə oxundu

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan siyasətindən getmək və rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" Partiyasından çıxmaq qərarına gəlib. 

Bu barədə onun vəkili Valeri Qelbaxiani "İmedi" telekanalına açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, Saakaşvili təkcə Milli Hərəkatdan deyil, "ümumiyyətlə Gürcüstan siyasətindən getmək qərarına gəlib, çünki indi bu, siyasət yox, ölüm-dirim məsələsidir”. 

Qelbaxiani vurğulayıb ki, Gürcüstanın eks-prezidenti "artıq siyasətlə maraqlanmır”.

"Görünür, o, bu barədə çoxdan düşünürdü, amma heç kim ona bunu açıq elan etmək imkanı vermədi, çünki qalmaqallı dissonans istəmirdilər. İndi də bəyan edir ki, onun heç kimə qarşı heç bir iddiası yoxdur. Onun siyasi resursu tükənib, gündəliyi və vəzifələri də dəyişib. İndi qarşısında duran əsas vəzifə sağlamlığına diqqət etmək, mümkün təhlükədən, ölümdən qaçmaqdır”, - deyə vəkil bildirib.

Bundan əvvəl Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze siyasətçinin vəziyyətinin pisləşdiyini açıqlamışdı. 

O, Saakaşvilinin "çox xəstə” olduğunu demiş və eks-prezidentin vəziyyətini ölü adamla müqayisə etmişdi. 

2021-ci ilin payızında Mixail Saakaşvili səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdıb və həbs edilib. 

Ölkəsində ona bir bankirin qətli və deputatın döyülməsi iddiası ilə 6 illik həbs cəzası verilib. 

Siyasətçi həmçinin sərhədi qanunsuz keçməkdə, dövlət vəsaitini mənimsəməkdə və 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda ittiham olunur.

Hazırda sabiq prezident həbsxana kamerasından köçürüldüyü özəl klinikadadır.